Bugun.tv xəbər verir ki, Ukraynanın Kiyev vilayətinin Brovari rayonunda yerləşən Coca-Cola zavodunda güclü yanğın baş verib.
Hadisə müəssisənin yerləşdiyi sənaye zonasında qeydə alınıb. Yerli sakinlər zavodun üzərində yüksələn iri qara tüstü sütunu müşahidə etdiklərini bildiriblər.
Mail.ru-nun məlumatına görə, yanğın Coca-Cola şirkətinin Velikaya Dımerkadakı müəssisəsinin ərazisində baş verib. İlkin məlumatlara əsasən, alovlanma zavodun anbar və ya istehsal sahələrindən birində qeydə alınıb. Hadisənin dəqiq səbəbi və yanğının hansı ərazidən başladığı barədə məlumat verilməyib.
Coca-Cola-nın Velikaya Dımerkadakı zavodu 1998-ci ildə fəaliyyətə başlayıb və şirkətin Avropadakı müasir istehsal komplekslərindən biri hesab olunur. Müəssisənin ümumi sahəsi təxminən 25 hektardır. Ərazinin 34 min kvadratmetrdən çox hissəsini istehsal və anbar binaları tutur.
Zavodun istehsal gücü saatda 40 mindən çox şüşə içki təşkil edir. Müəssisədə qazlı içkilər, şirələr, su və enerji içkiləri də daxil olmaqla, təxminən 40 adda məhsul istehsal olunur.
Hazırda yanğının nəticələri, xəsarət alanların olub-olmaması və müəssisəyə dəyən zərərin həcmi ilə bağlı əlavə məlumat açıqlanmayıb.
Mənbə: Mail.ru
