İndi sizə maraqlı bir reportaj təqdim edəcəyik. Söhbət heykəltəraş Namiq Hüseynovla Kənan Əliyevin “Danışan əllər” layihəsindən gedir. Burada canlı əfsanələrin, tanınmış şəxsiyyətlərin əlləri heykəl formasında əbədiləşdirilir və saxlanılır.
Gənc heykəltəraşlar Namiq Hüseynov və Kənan Əliyevin “Danışan əllər”i Azərbaycanın tarixini və mədəniyyətini təcəssüm etdirir.
Layihənin rəhbəri Namiq Hüseynov deyir ki, bu ideya 44 günlük müharibə ərəfəsindən yaranıb. “Radioda da gedirdi, Cənab Prezidentin çıxışı, dəmir yumruq. Qərara gədik ki, yeni əllər layihəsi edək. İlk olaraq da Vətən müharibəsi qəhrəmanlarının əllərini çıxartmaq istədik. Bir nəfər gəldi, onun biləyi yox idi. Digərinin isə barmaqlarının biri qalmışdı”.
Bundan sonra da layihəni davam etdirən heykəltəraşlar onu “Danışan əllər” adlandırıblar. “İnsanların əlləri, həqiqətən də danışır, həm də hər biri öz sənətinə uyğun olaraq… Tanınmış şəxsiyyətlərdən ilk Nəriman Həsənzadə ilə görüşdük. 90 illik yubileyi idi. Biz Albert Mustafayevin əllərini çıxaranda dedi ki, bu steklə mən “Bəhramgur” əsərini işləmişəm. Arif Babayevin əllərini isə qaval tutan formada çıxardıq. Əlibaba Məmmədovun əli də bu kolleksiyada yer alır”.
Burada, həmçinin aktrisalardan Şəfiqə Məmmədovanın, aktyorlardan Rasim Balayevin, Fəxrəddin Manafovu, yazıçılardan isə Anarın, Elçinin, Çingiz Abdullayevin əllərinin heykəli var.
N.Hüseynovun sözlərinə görə, dünya şöhrətli rəssam Tahir Salahovun əllərini sağlığında əbədiləşdirmək mümkün olmayıb. “Onunla biz sağlığında danışırdıq. Hətta təklif etdi ki, Bakıya gələ bilmir, biz Moskvaya gedək. Ancaq yetişə bilmədik. Tahir Salahov rəhmətə getdi. Bizim layihə üçün onun əllərinin olması önəmli idi. Sağ olsun, dövlətimiz icazə verdi, dəstək oldu. Öləndən sonra onun həm maskasını, həm əllərinin formasını çıxardıq”.
Namiq Hüseynov deyir ki, gələcəkdə layihəni genişləndirmək və dünyanın ilk əl muzeyini yaratmaq niyyətindədirlər.