Əlilliyi olan şəxslər üçün infrastrukturun müyəssərliyinin qiymətləndirilməsi və vahid elektron məlumat bazasının yaradılması istiqamətində monitorinqlərə start verilib.
Bugun.tv – xəbər verir ki, bu barədə məlumatı Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqının sədri David (Davud) Rəhimli açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “İnklüziv şəhərlər alyansı” layihəsi 13-cü Dünya Şəhərsalma Forumu (WUF13) və 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və memarlıq ili” elan olunması çərçivəsində davam etdirilir.

David Rəhimli qeyd edib ki, layihənin əsas məqsədi ölkə üzrə müxtəlif ictimai obyektlərin müyəssərlik səviyyəsini qiymətləndirmək, mövcud problemləri müəyyənləşdirmək və əldə olunan nəticələr əsasında “Azərbaycan Müyəssərlik Xəritəsi – AMX” (Azerbaijan Accessibility Map – AAM) adlı vahid elektron məlumat bazasını formalaşdırmaqdır.
İttifaq sədri bildirib ki, monitorinqlər inzibati binalar, təhsil və səhiyyə müəssisələri, mədəniyyət və idman obyektləri, parklar, hotellər, ictimai iaşə obyektləri, küçə və piyada infrastrukturu, ictimai nəqliyyat, dayanacaqlar, sosial xidmət müəssisələri və digər ictimai məkanları əhatə edir. Qiymətləndirmə milli qanunvericilik, beynəlxalq standartlar və universal dizayn prinsipləri əsasında aparılır.

Rəhimlinin sözlərinə görə, monitorinq zamanı panduslar, giriş-çıxışlar, liftlər, sanitar qovşaqlar, taktil göstəricilər, parklanma yerləri, informasiya və naviqasiya sistemləri, eləcə də digər müyəssərlik elementləri qiymətləndirilir.
O həmçinin qeyd edib ki, toplanacaq məlumatlar əsasında hazırlanacaq elektron xəritə və analitik hesabatlar ölkədə inklüziv şəhərsalma prinsiplərinin inkişafına, əlçatan mühitin genişləndirilməsinə və “heç kəs geridə qalmasın” yanaşmasının praktik tətbiqinə töhfə verəcək.





