Bugun.tv xəbər verir ki, İngiltərə və Uelsdə 2025-ci ildə yeni doğulan oğlan uşaqlarına ən çox verilən ad ardıcıl üçüncü dəfə Məhəmməd olub.
İngiltərənin Milli Statistika İdarəsinin (ONS) açıqladığı məlumata görə, ötən il 5 min 958 oğlan uşağına Məhəmməd adı verilib. Bu göstərici 2024-cü illə müqayisədə 4 faiz artım deməkdir və adı ölkədə yenidən ən populyar oğlan adı edib.
Statistikaya əsasən, oğlan uşaqları arasında populyarlıq reytinqində ikinci yerdə Noah, üçüncü yerdə isə Leo qərarlaşıb.
Qız uşaqlarına verilən adlar arasında isə Olivia birinci yerini qoruyub saxlayıb. 2025-ci ildə 2 min 386 qız uşağına Olivia adı verilib. Bununla da bu ad artıq ardıcıl 10-cu il İngiltərə və Uelsdə ən populyar qız adı olub.
Qız adları siyahısında ikinci yeri Lily, üçüncü yeri isə Amelia tutub.
Milli Statistika İdarəsi qeyd edib ki, ad seçimlərində ailələrin mədəni müxtəlifliyi, dini dəyərlər və beynəlxalq təsirlər mühüm rol oynayır. Son illər Məhəmməd adının populyarlığının artması da ölkədə yaşayan müxtəlif etnik və dini icmaların demoqrafik göstəricilərindəki dəyişikliklərlə əlaqələndirilir.
Mənbə: Anadolu Agentliyi
