5 C
Baku
26 Yanvar 2026, 19:32
Baş xəbərİqtisadiyyat

“Davos görüşü Azərbaycan–ABŞ strateji tərəfdaşlığında yeni mərhələ açır”

Bugun.tv– xəbər verir ki, iqtisadçı deputat Vüqar Bayramov öz sosial media hesabında Davosda Azərbaycan və ABŞ prezidentləri arasında baş tutan görüşlə bağlı paylaşım edib.

Paylaşımda bildirilir ki, yanvarın 22-də Davosda Azərbaycan Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp ilə görüşü keçirilib. Görüş zamanı Donald Trampın yenidən hakimiyyətə gəlməsindən sonra Azərbaycan ilə ABŞ arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından məmnunluq ifadə olunub.

Vüqar Bayramov qeyd edib ki, hazırda Azərbaycan–ABŞ strateji tərəfdaşlığının formalaşması və dərinləşməsi müşahidə olunur. Onun sözlərinə görə, siyasi və strateji əməkdaşlıqla yanaşı, münasibətlər enerji, ticarət və tranzit sahələrini, eyni zamanda regional bağlantılar, süni intellekt və rəqəmsal infrastruktur daxil olmaqla iqtisadi sərmayə istiqamətlərini də əhatə edir.

Deputat diqqətə çatdırıb ki, 2025-ci ilin ilk 11 ayında ABŞ ilə Azərbaycan arasında ticarət dövriyyəsi 1 milyard 365 milyon dollar təşkil edib. Həmin dövrdə Azərbaycanın ABŞ-a 54 milyon 491 min dollarlıq qeyri-neft-qaz məhsulları ixrac etdiyi vurğulanıb. Bayramov bildirib ki, strateji əməkdaşlığın güclənməsi qeyri-neft ixracının daha da artmasına imkan yaradacaq.

Paylaşımda qeyd olunur ki, ABŞ ilə strateji əməkdaşlıq qeyri-neft sektoruna texnologiya və innovasiyaların daha geniş cəlb edilməsinə şərait yaradır. Bu isə Azərbaycanın iqtisadi diversifikasiya hədəflərinin reallaşmasına mühüm töhfə verəcək. Deputatın fikrincə, ABŞ–Azərbaycan strateji tərəfdaşlığı ABŞ texnologiyasının və sərmayəsinin ölkəmizə gəlməsi, eləcə də ABŞ-ın iqtisadi fəallığının artması deməkdir.

Sonda Vüqar Bayramov vurğulayıb ki, Davosda prezidentlər arasında səmimi mühitdə keçirilən bu görüş Azərbaycan–ABŞ münasibətlərində yeni səhifə açacaq.

Aynur Camal

Oxşar xəbərlər

Ermənistan Azərbaycanın COP17-də iştirakı üçün tezliklə rəsmi dəvət göndərəcək

Aynur Camal

“Azərbaycan dilinin saflığının qorunmasına nəzarət” mövzusunda görüş keçirildi

Aynur Camal

Pensiya kapitalı nə qədər artırılacaq? Rəsmi rəqəm elan olundu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu