Bugun.tv xəbər verir ki, Avstraliyanın Cənubi Avstraliya ştatında ölü tapılan adi delfində H5N1 quş qripi virusu aşkarlanıb. The Guardian yazır ki, bu, virusun ölkədə yoluxdurduğu məlum yerli məməli növlərinin sayının ikiye çatması deməkdir. Delfinin cəsədi ştatın Fleurieu yarımadasında, Qulva yaxınlığında aşkarlanıb və aparılan ilkin analiz nəticəsində H5N1 təsdiqlənib. Nümunələr daha ətraflı araşdırma üçün Avstraliyanın Xəstəliklərə Hazırlıq Mərkəzinə göndərilib.
Mütəxəssislər bildirirlər ki, delfinlər adətən quşlarla qidalanmır, lakin onların yoluxmuş quşlarla təmasda olması mümkündür. Avstraliyada bundan əvvəl H5N1 virusu uzunburunlu xəz suitilərində aşkarlanmışdı. Ölkənin federal risk qiymətləndirməsində adi delfinlər quş qripinə qarşı yüksək risk qrupuna daxil edilib. Virusun geniş yayılması halında onların sayında ciddi azalma baş verə biləcəyi bildirilir.
Eyni vaxtda Avstraliya hökuməti Macquarie adasındakı 24 tədqiqatçını geri çağırmaq qərarına gəlib. Buna səbəb adada gələcək çoxalma mövsümündə suitilər arasında böyük sayda ölüm hadisəsinin baş verə biləcəyi ilə bağlı proqnoz və bunun əməkdaşlara psixoloji təsir göstərə bilməsidir. Hazırda adada virusun aşkarlandığı bildirilməyib.
Mənbə: The Guardian
