Bugun.tv- xəbər verir ki, Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfərini və Antalya Diplomatiya Forumunda iştirakını yüksək qiymətləndirib.
Deputat sosial media paylaşımında qeyd edib ki, Prezidentin Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Antalya Diplomatiya Forumunda iştirakı Azərbaycanın bu beynəlxalq platformaya verdiyi önəmin göstəricisidir. Onun sözlərinə görə, forum artıq təkcə regional deyil, qlobal məsələlərin müzakirə olunduğu mühüm tədbirə çevrilib.
Ticarət dövriyyəsi artır
Vüqar Bayramov bildirib ki, Türkiyə Azərbaycanın əsas strateji tərəfdaşlarından biridir. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 5 milyard 720 milyon dollar təşkil edib. Azərbaycan bu ticarətdə 1 milyard 34 milyon dollarlıq müsbət saldo əldə edib.
Deputat vurğulayıb ki, qarşıya qoyulan əsas hədəf ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaqdır.
Türkiyə Azərbaycanın əsas tərəfdaşlarındandır
Onun sözlərinə görə, Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 11,6 faizi Türkiyənin payına düşür. Bu göstərici ilə Türkiyə İtaliyadan sonra Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır.
Eyni zamanda, Türkiyə Azərbaycanın ixracında da ikinci yerdədir. Ümumi ixracın 13,5 faizi, qeyri-neft-qaz ixracının isə 16,5 faizi bu ölkənin payına düşür.
Qarşılıqlı sərmayələr artır
Deputat əlavə edib ki, iqtisadi əlaqələr yalnız ticarətlə məhdudlaşmır. İndiyədək Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard dollardan çox, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 18 milyard dollar sərmayə yatırıb.
Yeni mərhələ gözlənilir
Vüqar Bayramov qeyd edib ki, dövlət başçılarının qarşılıqlı səfərləri iki ölkə arasında strateji münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir. Onun fikrincə, Prezident İlham Əliyevin Türkiyəyə bu səfəri əməkdaşlıqda yeni mərhələnin başlanğıcı olacaq.
