Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov istehlak bazarındakı qiymət artımlarını şərh edərək əsas səbəblər və çıxış yolları ilə bağlı fikirlərini bölüşüb.
İlk rübdə inflyasiya 5,7 faiz olub
Deputat bildirib ki, rəsmi statistikaya əsasən, cari ilin ilk rübündə istehlak bazarında 5,7 faiz qiymət artımı qeydə alınıb. Onun sözlərinə görə, qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə inflyasiya daha yüksək – 6,8 faiz təşkil edib.
Eyni zamanda, 2026-cı ilin mart ayında bu kateqoriya üzrə qiymətlər ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 faiz artıb.
Ən çox bahalaşma meyvə və tərəvəzdədir
Vüqar Bayramov qeyd edib ki, qiymət artımlarının strukturunda əsas yüksəliş meyvə və tərəvəzlərdə müşahidə olunur. Mart ayında meyvələrdə 3,6 faiz, tərəvəzlərdə isə 3,2 faiz artım qeydə alınıb.
Deputatın sözlərinə görə, düyü, çörək, toyuq əti, balıq, süd məhsulları, bitki yağları, həmçinin sitrus meyvələri və bir sıra tərəvəzlərin qiymətində artım müşahidə olunub.
Səbəb: idxaldan asılılıq və qlobal faktorlar
İqtisadçı deputat vurğulayıb ki, meyvə və tərəvəz qiymətlərindəki artımın əsas səbəbi bəzi məhsullar üzrə idxalın yüksək paya malik olmasıdır. O əlavə edib ki, regionda baş verən geosiyasi gərginliklər, xüsusilə İranla bağlı proseslər mart ayında idxal inflyasiyasını daha da gücləndirib.
Çıxış yolu – yerli istehsalın artırılması
Vüqar Bayramov bildirib ki, dünya bazarlarında qiymət artımları fonunda yerli kənd təsərrüfatı istehsalının genişləndirilməsi prioritet olmalıdır.
Onun fikrincə, yerli istehsalın artırılması idxal inflyasiyasının təsirlərini minimuma endirə və istehlak bazarında qiymət sabitliyini təmin edə bilər.
