Həkim-dietoloq Tatyana Zaletova makaron yeməyini daha sağlam və balanslı hala gətirməyin mümkün olduğunu bildirib. O, bu barədə aif.ru portalına açıqlamasında danışıb.
Mütəxəssisin sözlərinə görə, makaron əsasən karbohidrat mənbəyidir və yeməyin faydalı olub-olmaması əlavə edilən sous və məhsullardan asılıdır. Pendirli, qaymaqlı souslarla və ya qızardılmış kotletlərlə birlikdə təqdim olunan makaron pəhriz üçün uyğun sayılmır və sağlamlığa mənfi təsir göstərə bilər.
Zaletova tövsiyə edir ki, makaronu daha faydalı etmək üçün ona toyuq əti, dəniz məhsulları və ya tərəvəz əlavə edilsin. Həmçinin yeməyə zeytun yağı qatmaq rasionu daha balanslı edir.
Dietoloq xüsusilə bərk buğda sortlarından hazırlanmış makaronlara üstünlük verilməsini məsləhət görür. Onun sözlərinə görə, bu cür məhsulların nişasta strukturu daha sıx olur və gec həzm olunur. Bu isə qanda şəkərin səviyyəsinin tədricən artmasına, enerjinin uzun müddət saxlanmasına və qəfil aclıq hissinin yaranmamasına kömək edir.
Bundan əlavə, mütəxəssis makaronun həddindən artıq bişirilməməsini tövsiyə edib. Onun fikrincə, məhsulu “al dente” vəziyyətinə qədər bişirmək, sonra isə tərəvəz və zülalla zəngin qidalar əlavə etmək daha sağlam seçimdir.
Mənbə: mail.ru
