Bugun.tv xəbər verir ki, küçələrdə dondurma sataraq ailəsinə dəstək olan braziliyalı iş adamı Belmiro Qomes bu gün ölkənin pərakəndə satış sektorunun aparıcı şirkətlərindən birinə rəhbərlik edir.
Məlumata görə, Belmiro Qomes gənclik illərində ailəsinə maddi yardım göstərmək üçün dondurma satıb, eyni zamanda ofis köməkçisi kimi çalışaraq əmək fəaliyyətinə ən aşağı pillələrdən başlayıb. O, həyatın çətinliklərini və biznesin incəliklərini erkən yaşlarda öyrənmək imkanı qazandığını bildirib.
Qeyd olunur ki, Qomesin rəhbərlik etdiyi şirkət Braziliyada topdansatış və pərakəndə satışın birləşdirildiyi “atacarejo” sektorunda önəmli mövqe qazanıb. O, dəyəri 3 milyard Braziliya realı olan şirkəti idarə etməyə başladıqdan sonra həyata keçirdiyi strategiyalar sayəsində şirkətin bazar dəyərini 84 milyard reala çatdırmağa nail olub.
Belmiro Qomes uğurunun əsas səbəblərindən birinin gənclik illərində qazandığı iş təcrübəsi olduğunu vurğulayıb. Onun sözlərinə görə, həmin dövrdə əldə etdiyi bacarıqlar böhran vəziyyətlərində soyuqqanlı davranmağa və əməkdaşlarla güclü münasibətlər qurmağa kömək edib.
Hazırda Belmiro Qomes yalnız böyük biznes qərarları verən rəhbər deyil, həmçinin gənc mütəxəssislər üçün ilham mənbəyi hesab olunur.
Mənbə: Ensonhaber
