Bugun.tv xəbər verir ki, dünya okeanlarının orta səth temperaturu tarixdə ilk dəfə 21,1 dərəcəyə yüksəlib. Avropa İttifaqının “Copernicus” İqlim Dəyişikliyi Xidməti yeni rekordun avqust ayında qeydə alınmasını xüsusilə diqqətçəkən hal kimi qiymətləndirib. Əvvəlki rekord 2024-cü ilin martında 21,09 dərəcə olub.
Mütəxəssislər bildirirlər ki, rekord temperaturun yaranmasında həm El Niño hadisəsinin sürətlə güclənməsi, həm də insan fəaliyyəti nəticəsində uzunmüddətli qlobal istiləşmə rol oynayır. “Copernicus”un məlumatına görə, El Niño hazırda okeanlara əlavə istilik gətirir və bu təsir onilliklər ərzində toplanmış antropogen istiləşmənin üzərinə əlavə olunur.
Yeni rekordun ilin bu dövründə qeydə alınması da qeyri-adidir. Okeanların temperaturu adətən cənub yarımkürəsində yayın başa çatdığı mart və aprel aylarında ən yüksək həddə çatır. Lakin bu dəfə rekord avqust ayında müəyyənləşib.
Alimlərin proqnozlarına görə, El Niñonun noyabr-yanvar ayları arasında pik həddə çatması gözlənilir və bu müddətdə okeanların daha da isinməsi mümkündür. Ümumdünya Meteorologiya Təşkilatı da El Niñonun qarşıdakı aylarda güclənəcəyini bildirir.
Daha isti okeanlar dəniz ekosistemlərinə ciddi təsir göstərə, mərcan riflərini zədələyə, dəniz istilik dalğalarını gücləndirə və balıqçılıq təsərrüfatına zərər vura bilər. Bundan başqa, isti okeanlar karbon qazını daha az udur və atmosferə daha çox istilik və rütubət ötürərək ekstremal hava hadisələrinin yaranma ehtimalını artıra bilər.
Okeanoqraf Ceyn Lubçenko nəticəni “çox narahatedici” adlandıraraq isti okeanın hava sistemlərini sabitliyini poza, ərzaq təhlükəsizliyinə, iqtisadiyyata və dəniz canlılarına təhlükə yarada biləcəyini bildirib.
Mənbə: Al Jazeera
