Dünya

Dünyanın biomüxtəlifliyini qorumaq üçün vədlər yerinə yetirilmir

Bugun.tv xəbər verir ki, dünyanın əksər ölkələri təbiətin və biomüxtəlifliyin qorunması ilə bağlı 2030-cu ilədək yerinə yetirməyi öhdələrinə götürdükləri hədəflərə çatmaqda geri qalırlar. Bu barədə The Guardian nəşri beynəlxalq hesabatlara istinadən məlumat yayıb.

2022-ci ildə Kanadanın Monreal şəhərində keçirilən beynəlxalq konfransda ölkələr təbiətin qorunması üçün bir sıra mühüm öhdəliklər götürüblər. Həmin razılaşmaya əsasən, 2030-cu ilədək planetin quru ərazilərinin və dənizlərin ən azı 30 faizinin mühafizə olunması, zədələnmiş ekosistemlərin 30 faizinin bərpası və təbiətə zərər vuran subsidiyaların islah edilməsi nəzərdə tutulub.

Lakin yeni qiymətləndirmələr göstərir ki, ölkələr bu hədəflərə çatmaq üçün kifayət qədər sürətlə hərəkət etmirlər. Torpaq və daxili su ərazilərinin mühafizəsi ilə bağlı mövcud milli öhdəliklər 2030-cu ilədək təxminən 27,5 faizlik göstəriciyə çatmağa imkan verir. Bu isə müəyyən edilmiş 30 faizlik hədəfdən aşağıdır. Dənizlərin mühafizəsi sahəsində də ciddi çatışmazlıqlar mövcuddur.

Maliyyə çatışmazlığı, kənd təsərrüfatı və balıqçılıqda davamlı olmayan üsullar, eləcə də təbiətə zərər vuran iqtisadi təşviqlər əsas problemlər sırasındadır.

Oktyabrın 19-dan 30-dək Ermənistanın paytaxtı İrəvanda BMT-nin Biomüxtəliflik Konvensiyasının COP17 konfransı keçirilir. Görüşdə ölkələrin 2022-ci ildə qəbul edilmiş öhdəlikləri nə dərəcədə yerinə yetirdiyi qiymətləndirilir və 2030-cu il hədəflərinə çatmaq üçün əlavə tədbirlər müzakirə olunur.

Mütəxəssislər bildirirlər ki, biomüxtəlifliyin qorunması üçün beynəlxalq vədlər konkret tədbirlərlə dəstəklənməli, maliyyə vəsaitləri artırılmalı və ekosistemlərin bərpası sürətləndirilməlidir.

Mənbə: The Guardian

Aynur Camal

Oxşar xəbərlər

Unudulmuş alma növləri yenidən bazara qaytarılır

Aynur Camal

Böyük Britaniyada əlilliyi olan hava sərnişinlərinin hüquqları gücləndiriləcək

Aynur Camal

Quş qripindən sonra dəniz quşlarının sayı bərpa olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu