İordaniyada su qıtlığı ilə mübarizə çərçivəsində maraqlı suya qənaət layihəsi həyata keçirilir. Ölkənin İordan vadisində yerləşən Əbu Übeydə məscidində dəstəmaz almaq üçün istifadə olunan su toplanaraq süzgəcdən keçirilir və ətrafdakı yaşıllıqların suvarılmasına yönəldilir.
Bugun.tv xəbər verir ki, bu barədə “The Guardian” nəşri noyabrın 10-da məlumat yayıb.
Layihə çərçivəsində istifadə olunmuş su kanalizasiya sisteminə axıdılmaq əvəzinə xüsusi qurğuya toplanır. Daha sonra su beş qatdan ibarət qum və çınqıl süzgəcindən keçirilərək təmizlənir. Əldə olunan sudan məscidin ətrafındakı ağacların və digər bitkilərin suvarılmasında istifadə edilir.
Bu təşəbbüsün əsas məqsədi su ehtiyatlarının daha səmərəli istifadəsinə nail olmaq və quraq ərazilərdə yaşıllıq sahələrini qorumaqdır.
Qeyd edək ki, İordaniya dünyanın su ehtiyatları ən məhdud ölkələrindən biridir. Belə layihələr mövcud su mənbələrindən təkrar istifadə etməklə israfın azaldılmasına və ətraf mühitin qorunmasına töhfə verə bilər.
Mənbə: The Guardian
