Bugun.tv xəbər verir ki, E.Dərziyeva sosial media hesabında Türkiyənin Bursa şəhərində yaşayan, xeyriyyəçilik fəaliyyəti ilə tanınan Selahattin Turanın vəfatı ilə bağlı duyğusal paylaşım edib.
Paylaşımda deyilir: “Bəzən elə insanlar olur ki, onların həyatı tutduqları vəzifə və ya qazandıqları uğurlarla deyil, toxunduqları ürəklərlə ölçülür. Selahattin Turan da məhz belə insanlardan idi.
Karapapaq türkünün ləyaqətini, mərdliyini və qonaqpərvərliyini öz şəxsiyyətində yaşadan Selahattin bəy Bursa şəhərində hər kəsin hörmət və rəğbət bəslədiyi, işinin peşəkarı, sözübütöv və etibarlı insan kimi tanınırdı. Onu tanıyanlar ilk növbədə səmimiyyətini, dostcanlılığını və yardımsevərliyini xatırlayacaqlar.
Onun xeyirxahlığı sadəcə sözlərdə qalmırdı. Əlilliyi olan şəxslərə arabalar bağışlamaq, kimsəsiz ailələrin qayğısına qalmaq, ehtiyacı olan insanların yanında olmaq Selahattin bəy üçün xeyriyyəçilik deyil, həyat tərzi idi. O, yaxşılığı göstərmək üçün deyil, insanların dərdinə çarə olmaq üçün edirdi. Ötən il yayında Bursa şəhərində onun qonağı olaraq ailəsini yaxından tanıdım. Səmimiyyəti, qonaqpərvərliyi və insanlara olan sonsuz sevgisi yaddaşıma silinməz izlər həkk etdi. Bu gün onun vəfat xəbərini böyük kədər və dərin təəssüf hissi ilə qarşılayıram.

Selahattin Turanın cismani yoxluğu onu sevənlərin qəlbində böyük boşluq yaradacaq. Lakin onun etdiyi saysız-hesabsız yaxşılıqlar, xeyirxahlıq nümunəsi və arxasında qoyduğu gözəl ad onu daim yaşadacaq. Çünki insan ömrünün əsl dəyəri yaşadığı illərlə deyil, insanlara bəxş etdiyi ümid və mərhəmətlə ölçülür.
Allah sənə rəhmət eləsin, abim, məkanını cənnət olsun! Ailəsinə, doğmalarına, dostlarına və onu tanıyan hər kəsə dərin hüznlə başsağlığı verir, səbir diləyirəm! Rahat uyu, əziz qardaşım, qismət olsa görüşərik”.





