Baş xəbər

E.Hacıyev: “Azərbaycan polisi ölkədə kriminal vəziyyəti nəzarətdə saxlayır”-VİDEO

“Bu gün həyata keçirilən tədbirlər cəmiyyəti qayğılandıran və narahat edən, ictimai təhlükəsizliyə xələl gətirən halların aradan qaldırılmasına yönəlib. Daxil olan müraciətlərin ümumi təhlillərindən irəli gələn vəzifələrin həyata keçirilməsi və vətəndaşın hüquq və vəzifəsinin təmin ediıməsi işi hüquq-mühafizəçilərinin diqqət mərkəzindədir. Respublika ərazisində həyata keçirilən tədbirlər sırasında ictimai sabitliyin əsas subyekti olaraq, vətəndaş məmnunluğu və təhlükəsizliyinin mühafizəsi öndə durur”.

Bu fikirləri Bugun.tv-yə müsahibəsində Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik leytenantı Elşad Hacıyev bildirib. Onun sözlərinə görə, strateji əhəmiyyətli  obyektlərin 24 saat fasiləsiz olaraq polis əməkdaşları tərəfindən mühafizəsi təşkil olunur. “Harada mühafizə zərurəti varsa, polis əməkdaşları oradadı. Onlar  arxayınlıq hissi keçirmədən, kriminal vəziyyətin hansı səviyyədə olmasına baxmayaraq, ölkə ərazisində ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsinə çalışırlar. Eləcə də, cinayətkarlığın bütün forma və təzahürlərinə qarşı fasiləsiz mübarizə aparırlar”.

E.Hacıyevin sözlərinə görə, respublikada ali, orta ümumtəhsil məktəblərində müəllimlərdən, şagirdlərdən, valideynlərdən daxil olan müraciətlər də diqqətlə yoxlanılır. Harada vətəndaşı narahat edən hal varsa, ona qarşı adekvat tədbirlər görülür. “Ümumilikdə, daha çox cəmiyyəti maraqlandıran, diqqət çəkən xüsusən də, ictimai iaşə obyektlər, evlər, strateji yerlər və digər halda isə, mağazaların, dükanların, şirkətlərin obyektlərinin mühafizəsi ilə bağlı suallar verilir. Cavab olaraq bildirirəm ki, bununçün daxili işlər orqanının müvafiq qurumu olan Baş Mühafizə İdarəsi fəaliyyətdədir. Vətəndaş, sahibkarlıq subyektinin sahibi həmin idarəyə müraciət edib obyektinin mühafizəsinin təşkilini istəyə bilir. Standartlara tam cavab verən rəqəmsal sistemi həmin ünvanda quraşdırmaqla, 2-3 dəqiqə ərzində polis əməkdaşları o ünvana müdaxilənin qarşısını ala bilirlər. Burada söhbət, təbii ki, oğurluq və qarət tipli müdaxilələrdən gedir”.

DİN-in rəsmisi onu da bildirdi ki, ölkədə baş verən son cinayət hallarından dolayı Azərbaycan polisi vətəndaşların hüquqlarının qorunması və təmini, ictimai təhlükəsizliyin, eləcə də, cinayətkarlığın bütün forma və təzahürlərinə, kriminal hadisələrə qarşı mübarizə tədbirlərini davam etdirir. “Unutmayaq ki, cinayət varsa, cəzası da var. Baş verən istənilən növ kriminal olay işi isti izlərlə araşdırılır və əməli törədən şəxsin saxlanılaraq, məsuliyyətə cəlb olunması istiqamətində bütün zəruri tədbirlər həyata keçirilir”.

Nigar Məmmədova

Oxşar xəbərlər

Tramvay yoluna daxil olan avtomobillərin hərəkəti dayandırıldı

İntizar Əmirova

Berqmanla birinci görüş-AK

Bugün TV

Çərəzlərin qiyməti neçəyədir? -SORĞU

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu