Bugun.tv-nin “Reuters” agentliyinə istinadən məlumatına görə, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən ekoloji və təbiəti mühafizə təşkilatları iqlim məlumatlarının təhlili, meşə yanğınlarının izlənilməsi və nəsli kəsilmək təhlükəsi ilə üzləşən heyvanların sayının müəyyənləşdirilməsi üçün süni intellektdən daha geniş istifadə etməyə başlayıblar.
Reuters-in 15 iri ekoloji, təbiəti mühafizə və inkişaf təşkilatı arasında apardığı araşdırma göstərib ki, onların hamısı fəaliyyətlərinin müəyyən istiqamətində süni intellekt texnologiyalarından yararlanır. Bununla yanaşı, təşkilatlar bu texnologiyanı işlədən məlumat mərkəzlərinin enerji və su sərfiyyatından, eləcə də istixana qazı emissiyalarından narahatdırlar.
Süni intellekt meşə yanğınlarını və heyvanları izləyir
ABŞ-ın “Conservation International” təşkilatı Kambocanın ucqar və ekoloji baxımdan həssas ərazilərində mümkün meşə yanğınlarını aşkar etmək üçün peyk görüntülərindən istifadə edir. Süni intellekt peyklər tərəfindən qeydə alınan istilik nöqtələrini təhlil edir və potensial yanğın təhlükəsi barədə yerli meşə patrullarına real vaxt rejimində xəbərdarlıq göndərir.
Keniyada fəaliyyət göstərən “Save the Elephants” təşkilatı isə maşın öyrənməsi texnologiyası vasitəsilə vəhşi heyvanların sayını müəyyənləşdirir və fillərin ünsiyyət xüsusiyyətlərini araşdırır.
Təşkilatın rəhbəri Frenk Poupun sözlərinə görə, ötən il Keniyanın ən böyük qorunan ərazisində aparılmış hava müşahidəsi zamanı təxminən 200 min görüntü əldə edilib. Əvvəllər doqquz nəfərdən ibarət komanda bu görüntüləri əl ilə araşdırmaq üçün doqquz ay vaxt sərf edirdi. Süni intellekt modelləri isə oxşar təhlili bir neçə saat ərzində həyata keçirə bilir.
Araşdırmalar göstərib ki, əvvəlki insan müşahidələri fillərin təxminən üçdə birini, zebra və zürafələrin təxminən yarısını, oriks antiloplarının isə dörddə üçünü qeydə ala bilməyib.
Jane Goodall İnstitutunda da süni intellektdən istifadə olunur. Tanzaniyanın Qombe Milli Parkında şimpanzelərin davranışları ilə bağlı onilliklər ərzində əl yazısı ilə aparılmış qeydlər rəqəmsallaşdırılır. Əvvəllər 13–15 il çəkəcəyi ehtimal edilən bu iş yeni texnologiya sayəsində təxminən iki ilə endirilib.
Süni intellektin ekoloji qiyməti də narahatlıq doğurur
Bununla belə, texnologiyanın geniş tətbiqi yeni ekoloji problemlər yaradır. Süni intellekt sistemlərinin işləməsini təmin edən məlumat mərkəzləri böyük həcmdə elektrik enerjisi və soyutma üçün su tələb edir.
Beynəlxalq Enerji Agentliyinin proqnozuna görə, dünyada məlumat mərkəzlərinin illik elektrik istehlakı 2030-cu ilədək 945 teravatt-saata çatacaq. Bu, Yaponiyanın illik elektrik istehlakına təxminən bərabərdir. Həmin dövrdə məlumat mərkəzlərinin su istehlakının da 2023-cü ildəki 560 milyard litrdən 1,2 trilyon litrə yüksələcəyi gözlənilir.
Bəzi təşkilatlar bu təsiri azaltmaq üçün alternativ üsullara üstünlük verirlər. Məsələn, Dünya Resursları İnstitutu eyni sorğuların təkrar emal olunmasının qarşısını almaq və resurs sərfiyyatını azaltmaq üçün nəticələri yaddaşda saxlayır, süni intellekt vasitəsilə video və şəkil yaradılması kimi daha çox resurs tələb edən fəaliyyətləri məhdudlaşdırır.
“Nature Conservancy” təşkilatı isə balıqçılıq gəmilərində quraşdırılmış süni intellektli kameralar vasitəsilə görüntüləri elə gəminin özündə təhlil edir. Beləliklə, böyük həcmdə məlumatların mərkəzləşdirilmiş məlumat mərkəzlərinə ötürülməsinə ehtiyac azalır.
“Greenpeace International” da bəzi süni intellekt vasitələrindən istifadə etsə də, məlumat mərkəzlərinin genişləndirilməsinin ekoloji nəticələrini tənqid edir və texnologiyanın zəruriliyinin diqqətlə qiymətləndirilməsini vacib sayır.
Reuters-in araşdırması göstərir ki, ekoloji təşkilatlar təbiətin qorunmasında süni intellektin imkanlarından yararlanmağa çalışırlar. Lakin bu texnologiyanın özünün ətraf mühitə təsirinin azaldılması da getdikcə daha vacib məsələyə çevrilir.
Mənbə: investing.com
