Bugun.tv xəbər verir ki, siyasi ekspert Məhəmməd Əsədullazadə hesab edir ki, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin 2026-cı ilin sonunadək imzalanması gözlənilmir.
Ekspertin sosial şəbəkədə paylaşdığı təhlilə görə, buna baxmayaraq, tərəflər arasında paraflanmış sülh sənədinə uyğun normallaşma prosesi davam edəcək. Onun fikrincə, yaxın aylarda iki ölkə arasında iqtisadi əməkdaşlığın müxtəlif istiqamətlərini əhatə edən yeni sazişlərin imzalanması mümkündür.
Məhəmməd Əsədullazadə bildirib ki, Ermənistanda yeni Konstitusiyanın mətninin bu ilin sonuna qədər ictimaiyyətə təqdim olunacağı, növbəti ildə isə referendum keçiriləcəyi gözlənilir. O, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında siyasi dialoqun davam etdiyini də qeyd edib.
Ekspertin qiymətləndirməsinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə daxilində revanşist müxalifətin təsirini zəiflətməyə çalışır və bu proses ölkədə yeni siyasi mərhələnin başlanmasına səbəb ola bilər. Onun sözlərinə görə, rəsmi Bakı bu prosesi diqqətlə izləyir.
Məhəmməd Əsədullazadə hesab edir ki, hazırkı Ermənistan hakimiyyəti regiondakı siyasi reallıqları qəbul edib və gələcəkdə anklav kəndləri məsələsinin də həlli istiqamətində addımlar atıla bilər. Ekspert, həmçinin Prezident İlham Əliyevin Azərbaycan-Ermənistan normallaşma prosesi ilə bağlı siyasətini praqmatik və ardıcıl adlandırıb.

