Bugun.tv xəbər verir ki, siyasi ekspert, Milli Cəbhə Partiyası sədrinin müavini Məhəmməd Əsədullazadə Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı Əbu-Dabidə keçirilməsi nəzərdə tutulan danışıqların mümkün nəticələrini şərh edib.
Ekspert sosial media hesabında paylaşım edərək bildirib ki, noyabrın 10–11-də keçiriləcək görüşlərdə əsas mübahisəli məsələlərdən biri Ukraynanın ərazi güzəştləri olacaq. Onun fikrincə, ABŞ Prezidenti Donald Trampın Ukraynanın ərazi məsələsində kompromisə getməli olduğu barədə mövqeyi Kiyevə təzyiqləri artıra bilər. Xüsusilə Donbasın Ukraynanın nəzarətində qalan hissəsinin taleyi danışıqların əsas müzakirə mövzularından birinə çevrilə bilər.
Məhəmməd Əsədullazadə hesab edir ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin belə güzəştə getməsi inandırıcı görünmür. O, Rusiyanın hərbi yolla əldə edə bilmədiyi əraziləri diplomatik danışıqlar vasitəsilə əldə etməyə çalışdığını düşünür.
Ekspertin fikrincə, danışıqların müsbət nəticə verməsi üçün ilk növbədə hazırkı təmas xətti əsasında atəşkəs əldə olunmalı, silahsızlaşdırılmış zona yaradılmalı və tərəflərin hərbi qüvvələri qarşılıqlı şəkildə geri çəkilməlidir.
Əsədullazadə əlavə edib ki, Rusiya bu şərtlərlə razılaşmasa, müharibənin davam etməsi ehtimalı yüksəkdir. O, mövcud fikir ayrılıqlarını nəzərə alaraq Əbu-Dabi danışıqlarının müsbət nəticələnəcəyinə inanmır.
