Image default
Baş xəbərSiyasət

Ekspert: Rusiya-Ukrayna müharibəsi daha dağıdıcı mərhələyə daxil olur

Bugun.tv xəbər verir ki, Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlarının yeni və daha dağıdıcı mərhələyə keçdiyini bildirib.

Ekspert sosial media hesabında paylaşdığı şərhdə qeyd edib ki, artıq Rusiya tərəfi də münaqişənin xarakterinin dəyişdiyini etiraf edir. Onun sözlərinə görə, Kremlin sözçüsü Dmitri Peskovun son açıqlamaları hərbi əməliyyatların artıq klassik müharibə xarakteri daşıdığını göstərir.

Əsədullazadənin fikrincə, son dövrlər Kiyevdə yaşayış binaları, yanacaq və ərzaq anbarları kimi mülki obyektlərə endirilən zərbələr müharibənin dağıdıcılıq səviyyəsinin artdığını nümayiş etdirir. O bildirib ki, mülki infrastruktura qarşı hücumlarla bağlı ittihamlar beynəlxalq humanitar hüquq çərçivəsində müharibə cinayətləri kontekstində araşdırılmalıdır.

Siyasi ekspert hesab edir ki, Rusiya bu taktika ilə Ukraynanı öz ərazisinə zərbələr endirməkdən çəkindirməyə, Ukrayna cəmiyyətində narazılığı artırmağa və Prezident Volodimir Zelenskiyə ictimai təzyiq formalaşdırmağa çalışır. Onun sözlərinə görə, Moskva eyni zamanda Qərbdə müharibə ilə bağlı narahatlığı artırmağı da hədəfləyir.

Lakin Əsədullazadə bu strategiyanın Rusiyanın gözlədiyi nəticəni verməyəcəyini düşünür. O bildirib ki, əksinə, Rusiyanın daha aqressiv hərbi üsullara əl atması ABŞ və digər Qərb ölkələrinin Ukraynaya hərbi dəstəyini daha da gücləndirə bilər. Bu isə qarşılıqlı hücumların intensivləşməsi və müharibənin daha da genişlənməsi riskini artırır.

Ekspertin sözlərinə görə, müharibənin uzanması Rusiyanın daxili siyasi vəziyyətinə də təsirsiz ötüşmür. O hesab edir ki, Prezident Vladimir Putinin siyasi mövqeyi zəifləyir və Rusiya siyasi elitasında müharibənin davam etməsi ilə bağlı narazılıqlar getdikcə artır.

Məhəmməd Əsədullazadə bildirib ki, avqust ayından etibarən Türkiyənin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında danışıqların yenidən başlaması ehtimalı mövcuddur. Hazırda isə diplomatik proses faktiki olaraq dalana dirənmiş vəziyyətdədir.

Ekspert həmçinin qeyd edib ki, Rusiyanın Belarusu müharibəyə daha fəal şəkildə cəlb etmək cəhdlərinə baxmayaraq, Minsk bu münaqişəyə birbaşa qoşulmayacaq. Onun qənaətincə, Kremlin seçdiyi dağıdıcı müharibə taktikası uzunmüddətli perspektivdə Rusiyanın öz maraqlarına qarşı işləyə bilər.

Aynur Camal

Oxşar xəbərlər

100-dən çox ölkədən nümayəndə heyəti Tehrana gəldi

Aynur Camal

Tez yorulursunuz? Dəmirlə zəngin 5 qida enerjinizi artırmağa kömək edə bilər

Aynur Camal

Lənkəranda trüfel istehsalının təşviqi ilə bağlı maarifləndirici tədbir keçirilib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu