Mədə yanması (izjoga) mədə turşusunun qida borusuna qalxması nəticəsində yaranır və sinədə yanma hissi, ağızda turş dad kimi əlamətlərlə müşayiət olunur. Mütəxəssislər bildirir ki, bu problem təkcə acı və yağlı yeməklərlə bağlı deyil, bəzi az bilinən amillər də mədə yanmasını gücləndirə bilər.
Gözlənilməz qidalar da səbəb ola bilər
Ekspertlərin sözlərinə görə, nanə, çiy soğan və qazlı içkilər qida borusunun aşağı hissəsindəki sfinkteri zəiflədə bilər. Bu isə turşunun yuxarı qalxmasını asanlaşdıraraq yanma hissini artırır.
Bundan əlavə, turş qidalar və içkilər – fermentləşdirilmiş tərəvəzlər, sirkəli souslar və kombuça bəzi insanlarda reflüks simptomlarını gücləndirə bilər.
İdman və bəzi dərmanlar da təsir edir
Yeməkdən dərhal sonra intensiv idmanla məşğul olmaq, xüsusilə nəfəs saxlanılaraq edilən güc məşqləri, qaçış, qarın hərəkətləri və plank kimi məşqlər mədə yanmasını artıra bilər.
Bəzi ağrıkəsici dərmanların da mədə selikli qişasını zəiflədərək qida borusunu qıcıqlandırdığı qeyd olunur. Bu təsir dərmanların az su ilə qəbul edilməsi zamanı daha da güclənir.
Dar geyim və düzgün olmayan duruş da risk yaradır
Mütəxəssislər bildirir ki, bel hissəsini sıxan geyimlər, əyilərək oturmaq və yeməkdən dərhal sonra uzanmaq da reflüksü artıran amillər sırasındadır.
Mədə yanmasını azaltmaq üçün tövsiyələr
Daily Mail-in məlumatına görə, mütəxəssislər aşağıdakı addımları məsləhət görür:
- porsiyaları kiçiltmək
- yeməkdən sonra 2-3 saat idman etməmək
- reflüksə meyilli şəxslərin yüngül fəaliyyət seçməsi (gəzinti, üzgüçülük və s.)
- yeməkdən sonra 10-15 dəqiqə gəzmək
- dərmanları yeməklə birlikdə qəbul etmək və bol su içmək
- gecə simptomları varsa, yatarkən başı bir qədər hündür saxlamaq
Bəzi qidaların isə mədə yanmasını azaltdığı bildirilir. Bananas, yemiş kimi meyvələr, həmçinin balıq, kəsmik və tofu kimi az yağlı zülal məhsulları daha rahat həzm olunur və mədədə turşuluğun artmasının qarşısını ala bilər.
Mənbə: mail.ru
