“Erkən nikah və qohum evliliklərinin yaratdığı fəsadlar” mövzusunda maarifləndirici tədbir bu dəfə Maştağa Mədəniyyət Mərkəzində baş tutdu.
Bugun.tv– xəbər verir ki, “Ailə Dəyərləri” layihəsi çərçivəsində keçirilən forumda Milli Məclisin deputatı Ceyhun Məmmədov iştirak edib.
Tədbirdə cəmiyyət üçün aktual olan bu mövzu ətrafında geniş və elmi əsaslara söykənən fikir mübadiləsi aparılıb.
Millət vəkili Ceyhun Məmmədov çıxışında erkən nikahların və qohum evliliklərinin təkcə fərdi həyatlara deyil, bütövlükdə cəmiyyətin inkişafına göstərdiyi mənfi təsirlərdən, bu halların təhsilə, psixoloji sağlamlığa və sosial rifaha vurduğu zərərlərindən bəhs edib.
O həmçinin qeyd edib ki, bu cür tədbirlərin regionlarda keçirilməsi, yerli əhali ilə birbaşa təmasda maarifləndirici fəaliyyətlərin aparılması xüsusilə önəmlidir.
“Müxtəlif sahələri təmsil edən mütəxəssislərin – klinik və uşaq psixoloqlarının, təhsil ekspertlərinin iştirakı ilə keçirilən bu tədbir geniş auditoriyaya dəyərli məlumatlar çatdırmaqla yanaşı, bir çox suallara da cavab oldu.
Təşkilatçılara və tədbirdə iştirak edən hər kəsə təşəkkür edirəm. Ailə institutunun möhkəmləndirilməsi və gələcək nəsillərin sağlam formalaşması naminə bu cür təşəbbüslərin davamlı olacağına inanıram”- deyə deputat bildirib.