Bugun.tv xəbər verir ki, dünyanın ən hündür zirvəsi olan Everest dağında yeni sürət rekordu qeydə alınıb. ABŞ-li alpinist Tyler Andrews 8 min 849 metr hündürlüyündə yerləşən zirvəyə 9 saat 55 dəqiqəyə qalxaraq əvvəlki rekordu geridə qoyub.
Məlumata görə, bu nəticə 2003-cü ildə nepallı alpinist Şerpa Lhakpa tərəfindən müəyyən edilmiş 10 saat 56 dəqiqəlik rekordu yeniləyib. Beləliklə, Everestdə son 22 ilin ən sürətli qalxma göstəricisi qeydə alınıb.
Bildirilir ki, Tyler Andrews zirvəyə qalxış zamanı əlavə oksigen dəstəyindən istifadə edib. Alpinistə proses boyunca dəstək qrupu müşayiət edib və ehtiyac yarandıqda oksigen, su və qida təmin olunub.
Qeyd edək ki, rekordun Nepal rəsmiləri tərəfindən rəsmi şəkildə təsdiqlənməsi gözlənilir. Təsdiqdən sonra nəticə beynəlxalq rekord siyahılarına daxil ediləcək.
Alpinist daha əvvəl xərçəng xəstəliyinə qalib gəldiyini və bu yürüşü sosial məqsədlə həyata keçirdiyini bildirib. Onun sözlərinə görə, məqsəd Ekvador və Nepalda imkanları məhdud olan gənc idmançılara dəstək üçün vəsait toplamaqdır.
Mənbə: Ensonhaber
