Fələstin dövlətinin qurulmasını “absurd bir fikir” kimi qiymətləndirən İsrailin baş naziri Binyamin Netanyahu mövzu ilə bağlı beynəlxalq qərarlara məhəl qoymayıb.
Qüdsdə Birləşmiş Millətlər Təşkilatında xidmət edən bir sıra səfirlərlə görüşən İsrailin baş naziri Binyamin Netanyahu, “Fələstin dövlətinin qurulması ilə sülhün gələcəyi fikri absurddur. Biz bunu Qəzzada sınadıq. Bizi məhv etməyə çalışan bir rejimi, eyni hədəfə doğru çalışan başqa bir rejimlə əvəz etməyəcəyik” deyib.
İsrailin Hayom qəzeti yazır ki, Netanyahu iddia edib ki, İsraillə fələstinlilər arasında sülhə əsas maneə ərəb dünyasının bəzi hissələrinin hələ də yəhudi dövlətini tanımaqdan imtina etməsidir.
Həmas ilə Fələstin rəhbərliyi arasında heç bir fərq görmədiyini qeyd edən Netanyahu, “Həmas dərhal İsraili hərbi yolla məhv etməyə çalışır. Fələstin rəhbərliyi isə beynəlxalq kanallar vasitəsilə İsraili 1967-ci il sərhədlərinə çəkməyi və daha sonra hərbi hücuma keçməyi hədəfləyir” deyib.
Netanyahu bu bəyanatı ilə 1968-ci il sərhədləri daxilində paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin yaradılmasını nəzərdə tutan BMT qətnamələrini və beynəlxalq hüququ nəzərə almayıb.
Fələstinin vitse-prezidenti Hüseyn əl-Şeyx sosial media hesabında Fələstin dövlətinin qurulmasını “absurd fikir” kimi qiymətləndirən Netanyahuya cavab verib.
“Fələstin dövləti təhlükəsizlik, sülh, sabitlik və rifahın açarıdır. Absurd olan İsrailin işğalını davam etdirməsi, cinayət törətməkdə israrlı olması və beynəlxalq hüququ pozmasıdır”, – şeyx bildirib.
İsrail işğalının sona çatacağına işarə edən Şeyx, “Fələstindəki ən kiçik zeytun ağacının ömrü mütləq sona çatacaq bu işğaldan daha uzundur” deyib.
Mənbə: EnSonHaber