Bugun.tv-yə daxil olan məlumata görə, Azərbaycan Dövlət Filarmoniyasında “Ümid Yeri” Xeyriyyə Cəmiyyəti İctimai Birliyinin təşkilatçılığı və Baku Media Mərkəzinin dəstəyi ilə ilk dəfə “Mərhəmət Gecəsi” adlı xeyriyyə tədbiri baş tutub.
Tədbir çərçivəsində gənc rəssam-memar, Azərbaycan Memarlar və Rəssamlar ittifaqlarının, eləcə də UNESCO Beynəlxalq Rəssamlar Birliyinin üzvü, Prezident təqaüdçüsü İsmayıl Hacıyevin və digər rəssamların mərhəmət mövzusuna həsr olunmuş əsərləri sərgilənib.
Gecədə Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli və millət vəkili Vüqar İskəndərov da iştirak ediblər.
Rəsmlərlə tanışlıqdan sonra tədbirin bədii hissəsi təqdim olunub. Konsert proqramında ilk dəfə “Ümid Yeri” Uşaq Sığınacağının valideyn himayəsindən məhrum uşaqları, əlilliyi olan, görmə məhdudiyyətli və autizmli yeniyetmələr yoqa, rəqs, musiqi nömrələri və səhnəciklərlə çıxış ediblər.
Orkestrin müşayiəti ilə tanınmış müğənnilər tərəfindən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya həsr olunan yeni bəstələr səsləndirilib, onun müəllifi olduğu şeirlər ifa olunub.
Tədbirdə çıxış edən “Ümid Yeri” Uşaq Sığınacağının rəhbəri Nigar Mənsimli xeyriyyəçilik ənənələrinin əhəmiyyətindən danışaraq iştirakçılara təşəkkürünü bildirib.
Daha sonra layihənin icraçıları – Əməkdar jurnalist Elnarə Dərziyeva və aparıcı Səbuhi Zaman təşəkkürnamələrlə təltif olunublar.
Layihədə iştirak edən DOST İnkluziv İnkişaf və Yaradıcılıq Mərkəzi, Sənət Uşaq Musiqi və İncəsənət Mərkəzi, Azərbaycan Dövlət Musiqili Akademik Teatrı, Müslüm Maqomayev adına Dövlət Akademik Filarmoniyası, “Theraplay” mərkəzi və digər tərəfdaşlara da təşəkkürnamələr təqdim edilib.
Gecədə sosial məsuliyyət layihələrinə dəstək göstərən şirkət rəhbərləri “Mərhəmət elçisi” mükafatına layiq görülüb, tədbirin ərsəyə gəlməsinə töhfə verən qurum və şəxslərə rəmzi hədiyyələr təqdim olunub.
Tədbirdə dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, QHT rəhbərləri, incəsənət xadimləri və media təmsilçiləri iştirak ediblər.

