Fransa hökuməti ölkədə yüzlərlə supermarketin soyuducu sistemlərinə qarşı həyata keçirilən kiberhücumun arxasında İranın dayandığını bəyan edib. Hadisə nəticəsində ərzaq məhsullarının saxlanıldığı soyuducuların temperaturu uzaqdan artırılıb və mağazalara ciddi maddi ziyan dəyib.
Bugun.tv xəbər verir ki, bu barədə “Associated Press” (AP) noyabrın 9-da məlumat yayıb.
Məlumata görə, oktyabrın 12-də baş verən hücum Fransadakı təxminən 10 min supermarketdən 700-nə təsir edib. Kibercinayətkarlar soyuducu sistemlərini uzaqdan idarə edərək temperaturu təxminən 50 dərəcəyədək yüksəldiblər. Bu vəziyyət təxminən altı saat davam edib və nəticədə mağazalar təzə və dondurulmuş ərzaq məhsullarını satışdan çıxarmaq məcburiyyətində qalıblar. “Intermarché” supermarket şəbəkəsi bir gün ərzində on milyonlarla avro dəyərində zərər gördüyünü bildirib.
Paris prokurorluğunun açıqlamasına əsasən, hücumun arxasında İranın İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli olduğu bildirilən “Şəhid Kavə” adlı kibertəhdid qrupu dayanır. Fransa xarici işlər naziri Jan-Noel Barro İranın Parisdəki səfirinin çağırıldığını və hadisəyə görə məsul şəxslərə qarşı Avropa səviyyəsində sanksiyaların tətbiqinin tələb olunacağını bildirib.
Qeyd edək ki, Fransa rəsmiləri hücumu ölkənin milli təhlükəsizliyinə ciddi təhdid kimi qiymətləndiriblər. AP-nin materialında İran tərəfinin ittihamlarla bağlı cavabı yer almayıb.
Mənbə: ApNews
