Fransa Prezidenti Emmanuel Macron bildirib ki, Fransa Hərbi Dəniz Qüvvələri Rusiya ilə əlaqəli və beynəlxalq sanksiyalar altında olan “Tagor” tankerini Atlantik okeanında saxlayıb.
Makronun sözlərinə görə, əməliyyat bazar günü səhər saatlarında həyata keçirilib və Böyük Britaniya da daxil olmaqla bir sıra tərəfdaş ölkələrin dəstəyi ilə aparılıb. O qeyd edib ki, əməliyyat beynəlxalq dəniz hüququna tam uyğun şəkildə reallaşdırılıb.
Fransa Prezidenti vurğulayıb ki, Paris beynəlxalq sanksiyaların icrasına sadiqdir və bu məhdudiyyətlərin pozulmasına qarşı mübarizəni davam etdirəcək.
Makron bildirib ki, sanksiyalardan yayınmağa çalışan gəmilər təkcə hüquqi problemlər yaratmır, həm də ətraf mühit və dəniz təhlükəsizliyi üçün ciddi risklər formalaşdırır.
Fransa liderinin sözlərinə görə, beynəlxalq sanksiyaları pozaraq fəaliyyət göstərən və Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsinin maliyyələşdirilməsinə töhfə verən fəaliyyətlər qəbuledilməzdir.
O əlavə edib ki, dəniz naviqasiyasının əsas qaydalarına əməl etməyən gəmilər həm ekoloji təhlükə yaradır, həm də beynəlxalq sularda təhlükəsizliyə mənfi təsir göstərir.
Mənbə: Anadolu Agentliyi
