16.7 C
Baku
17 May 2025, 1:28
Baş xəbərSiyasət

Geosiyasi harmoniya: Azərbaycan və Çinin paralel strateji yolu

Tarazlaşdırılmış xarici siyasətin çoxşaxəliliyinə üstünlük verən Azərbaycan Xəzər-Qafqaz məkanında regional əməkdaşlıq üçün olduqca mühüm, bir çox hallarda isə həlledici dövlət olub, xüsusən enerji və nəqliyyat layihələrinin həyata keçirilməsində əvəzsiz rol oynayır. Enerji ehtiyatları və təbii-coğrafi mövqeyi ilə onsuz da daim diqqətçəkən ölkəmiz Vətən müharibəsi və antiterror tədbrilərində cənab İlham Əliyevin rəhbərliyi altında qazandığı hərbi-siyasi qələbələri ilə situasiyanı öz lehinə dəyişmiş, suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, milli maraqları, davamlı inkişafı, əhalisinin rifah və dəyərlərinin qorunmasına təsir edən amillərin güclənməsində ehtiva olunan yeni reallıq yaratmışdır. Etibarlı tərəfdaş kimi özünü təsdiq edən, regionun yeni hərbi-siyasi güc mərkəzi rolunu oynayan Azərbaycanla əməkdaşlıq təbii ki, sağlam maraqları olan subyektlər üçün çox önəmlidir. Xüsusən son 5 ildə qlobal birlik bir daha şahidlik etdi ki, bu coğrafiyada yalnız və yalnız Azərbaycanla əməkdaşlıq mühitində nəyəsə nail olmaq, yaxud Bakı ilə uzlaşdırma şəraitində mənafeləri təmin etmək mümkündür.

Konstitusiyamıza əsasən Azərbaycan Respublikası ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərməyi ali niyyət kimi bəyan edərək başqa dövlətlərlə münasibətlərini beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurur. Ötən dövr ərzində müəyyən düyünlü mərhələlər adlasaq da, məhz qeyd edilən konstitusion prinsip və niyyətlər rəhbər tutulmaqla Azərbaycan region ilə yanaşı, digər ölkələrlə də əməkdaşlıqda maraqlı olduğunu nümayiş etdirmiş, qlobal birliklə antiterror koalisiyasında, beynəlxalq terrorizm, separatçılıq, kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, korrupsiya, qanunsuz silah və insan alveri kimi qlobal çağırış və təhdidlərə qarşı mübarizə məsələlərində, ikitərəfli münasibətlər səviyyəsində isə siyasi, hərbi, iqtisadi sahələrdə tərəfimizdən öz beynəlxalq öhdəliklərimizə tam sadiq qalmaqla uğurlu əməkdaşlıq formatı yarada bilib. O cümlədən Azərbaycan enerji mənbələrinin diversifikasiyası və enerji təhlükəsizliyinin təmin olunması siyasətinə öz töhfəsini verməklə bu istiqamətdə özünü əvəzsiz tərəfdaş və güvənilən enerji ixracatçısı kimi təsdiq etmişdir. Vətən müharibəsi və antiterror tədbirləri ilə Cənubi Qafqazda yaranan yeni təhlükəsizlik konfiqurasiyası, ölkə başçımızın zamanında realizə etdiyi qlobal xarakterli yol-nəqliyyat, kommunikasiya infrastrukturları isə Azərbaycanın əhəmiyyətini həm də nəqliyyat habı formatında artırmış, əməkdaşlıq dairəsinin daha da genişlənməsində önəmli perspektivlərə yol açmışdır.

Məlumdur ki, Çin hazırda dünyanın yüksələn gücüdür və çox ehtimal ki, yaxın perspektivdə bir nömrəli oyunçuya çevriləcək. Eyni zamanda qlobal siyasətə təsir imkanları mübahisəsiz olan rəsmi Pekinin beynəlxalq münasibətlərdə baxışı Qərbin yanaşmasından köklü şəkildə fərqlənir. Çin mümkün qədər münaqişəli vəziyyətlərə, xüsusən öz regionundan kənarda baş verən mübahisəli məsələlərdə qızışdırıcı mövqe tutmağa və özünün birbaşa maraqları təhdid olunmayana qədər aqressiv davranışa üstünlük vermir. Çin xarici siyasətində daha çox ticari-iqtisadi formullara diqqət edərək daha münbit ticari şərtlər uğrunda çalışır.

Azərbaycan Respublikası da əməkdaşlıq və dialoq formatına alternativsiz üstünlük kimi baxır. Məhz bu mövqelər, o cümlədən Azərbaycanın Cənubi Qafqazda formalaşdırdığı konfiqurasiya ötən yay Azərbaycan Prezidenti və Çinin Sədri arasında görüşdən sonra strateji tərəfdaşlıq üzrə müvafiq Bəyannamə qəbul edilməsi ilə Bakı-Pekin münasibətlərinin rəsmi olaraq strateji tərəfdaşlığa yüksəlməsi ilə nəticələndi.

Möhtərəm Prezidentin Davosda Çinin CGTN telekanalına müsahibəsində ifadə etdiyi kimi, “bu bizim ikitərəfli əlaqələrdə çox mühüm siyasi addımdır. Strateji tərəfdaşlıq çox yüksək səviyyəli qarşılıqlı etimad, əməkdaşlıq deməkdir və biz təkcə Ümumdünya Ticarət Təşkilatına deyil, müxtəlif beynəlxalq təşkilatlara qoşulma məsələsi daxil olmaqla Çin ilə tərəfdaşlığımızın genişləndirilməsini arzulayırıq”. Məlumdur ki, Mərkəzi Asiyada bağlantı layihələri əsasən Çin hökuməti tərəfindən maliyyələşdirilir. Xəzər dənizinə digər bir marşrut Azərbaycana gedən digər marşrutdur ki, dövlət başçımızın da bildirdiyi kimi, “biz buna mütləq hazır olmalıyıq”. Azərbaycan Sədr Si Cinpinin “Bir kəmər, bir yol” təşəbbüsünün bütün ölkələr üçün əlavə imkanlar yaradacağına inanır. Öz növbəsində Pekində də yaxşı bilirlər ki, hazırda Çin üçün vacib olan “Bir kəmər, bir yol” layihəsinin Avropanın qapısı olan Qafqaz qanadı üçün daha təhlükəsiz, daha qısa və ən səmərəli variant kimi Azərbaycan Prezidentinin Zəngəzur dəhlizi ideyası alternativsizdir.

Rəsmi Çin mediasının Azərbaycana artan marağı, 1 il ərzində bu ölkənin 3 transmilli media strukturunun dövlət başçımıza müsahibə üçün müraciəti həm ölkəmizin artan nüfuzunun və cənab İlham Əliyevin qlobal miqyaslı lider kimi ciddi təsir imkanlarının artdığını, həm də Çinin regionda tərəf müqabili olaraq kimə fokuslandığını göstərir.

Eyni zamanda Çin də davamlı olaraq ikili standartlara məruz qalan tərəf olaraq Qərbin insan amili adı altında riyakarlığının zaman-zaman qurbanına çevrilib. Özü separatizmlə üz-üzə qalan və ərazi bütövlüyünə Qərb tərəfindən açıq şəkildə hörmətsizlik edilən Çində gözəl anlayırlar ki, “demokratiya”, “humanizm”, “insan haqları” idealları ilə pərdələnən qlobal güclər əslində ikili standartlarla yaşayan riyakar imperialistlərdir. Bəşəri niyyətlərlə yaradıldığı iddia edilən “Human Rights Watch”, “Amnesty International”, “Freedom House” kimi beynəlxalq təşkilatlar əslində iri dövlətlərin əlində sadəcə alətdir.

Bu mənada, Çin Qərb təbliğat maşının təsirindən azad formada Cənubi Qafqaza baxmaq iqtidarında olan əsas güclərdən biridir.

Bu və digər amillər isə Bakı və Pekin arasında birliyin labüdlüyünü artırır və ötən dövr ərzində kifayət qədər praktik, lakin strateji əhəmiyyətə malik addımlar atılıb. Məsələn, Azərbaycan Çin vətəndaşlarını viza almaq tələbindən azad edib və dövlət başçımızın Davosdakı müsahibəsində ifadə etdiyi kimi, Bakı “tezliklə Azərbaycan vətəndaşlarını da bu fürsətdən yararlanacağını” ümid edir.

Burada isə əsas məqsəd turistlərin sayının, xalqlar arasında təmasların artmasıdır. Bakıda haqlı olaraq hesab edilir ki, rəsmi təmaslarla yanaşı, prosesdə ictimai diplomatiya öz rolunu oynamalıdır. Möhtərəm Prezidentin təbirincə desək, “biz rəsmi diplomatik kanallardan istifadə edirik – siyasi, iqtisadi, ticari, investisiya, bağlantı. Lakin ictimai diplomatiya buna çoxlu töhfə verəcəkdir”.

Məlumdur ki, Çin iqtisadiyyatı çox sabitdir və bu, qlobal iqtisadiyyatın mühüm bir amilidir. Azərbaycanın qazıntı enerji növləri üzrə sabit qiymətlərə ehtiyacı var və bu mənada, Çin iqtisadiyyatı sürətlə inkişaf etdikcə qazıntı enerji növünə olan tələbat daha da artdığı üçün Azərbaycan Çin iqtisadiyyatında təbii olaraq maraqlıdır.

Bundan başqa, digər sferalarda əməkdaşlıq üçün ciddi zəmin mövcuddur və Çin şirkətləri təkcə xidmət və texnologiyaların təmin edilməsində yox, həmçinin Azərbaycana investisiya yatırmaqda maraqlıdırlar. Cənab İlham Əliyev CGTN telekanalına müsahibəsində qeyd etdiyi kimi, “COP29-da biz Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Xəzər dənizinin dibi ilə enerji kabelinin çəkilməsi barədə bir müqavilə ilə biz həm də potensial olaraq Azərbaycan və Çini enerji kabeli ilə bir-biri ilə bağlayacağıq”.

Habelə külək və günəş enerjisi potensialı böyük olan Azərbaycan üçün bu yeni bir mərhələ deməkdir.

ADA Universitetində “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda cənab İlham Əliyev həmçinin əməkdaşlığın digər istiqaməti, müdafiə sahəsində əməkdaşlıqla bağlı dialoq barədə məlumat verdi ki, bu, Bakı-Pekin münasibətlərinə yeni məzmun verilməsi deməkdir. Silahlı Qüvvələrini və müdafiə sənayesini müasirləşdirməyə davam edən Azərbaycan bu əməkdaşlığın uğurlu olacağı qənaətindədir.

Azərbaycan-Çin münasibətlərinin xarakteri çox aydındır. Dövlət başçımızın dediyi kimi, Bakı bu əməkdaşlığa bağlantı, biznes imkanı, sabitlik və təhlükəsizlik amili kimi baxır. Cənab Prezidentin təbirincə desək, “biz hamımız bir-birimizdən asılı oluruq. Bizi birləşdirən vacib infrastruktur layihələri var. Bu, ölkələr arasında həm ikitərəfli, həm də çoxtərəfli əlaqələr istiqamətində bir sıra məsələlərin həlli üçün yaxşı bir mühitdir”.

Dayanıqlı əməkdaşlıqda ehtiva olunan mühit isə ümumbəşəri dəyərlərə, sülhə, sabitliyə ən böyük töhfədir.

Bəhruz MƏHƏRRƏMOV,

Milli Məclisin deputatı

Aynur Camal

Oxşar xəbərlər

Azərbaycanda İranın casus şəbəkəsinə qarşı xüsusi əməliyyat keçirilib

Aynur Camal

Ceyhun Məmmədov: “Azərbaycan -Türkiyə dostluğu və qardaşlığı heç zaman sarsılmayacaq”

Nigar Məmmədova

Azərbaycan Ordusunda psixoloqlarla növbəti təlim keçirilib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu