Bugun.tv xəbər verir ki, JSİD – Jurnalist Sənətkarlığının İnkişafına Dəstək İctimai Birliyinin sədri, tanınmış telejurnalist-aparıcı Günel Gözəlova 4 Sentyabr – Ümumdünya Leykemiya (Qan Xərçəngi) ilə Mübarizə Günü münasibətilə keçirilən tədbirin moderatoru olub.
JSİD – Jurnalist Sənətkarlığının İnkişafına Dəstək İctimai Birliyinin sosial media məlumatına görə, maarifləndirici konfrans EMEDIA GROUP” Media Təşkilatının təşkilatçılığı ilə “GÜCLÜ ÜMİD – SAĞLAM GƏLƏCƏK” layihəsi çərçivəsində keçirilib.
Tədbirin əsas məqsədi leykemiya ilə bağlı ictimai məlumatlılığın artırılması, erkən diaqnostikanın və vaxtında müalicənin əhəmiyyətinin vurğulanması, həmçinin xəstəliklə mübarizə aparan şəxslərə və onların ailələrinə mənəvi dəstək göstərilməsidir.

“EMEDIA GROUP” Media Təşkilatının sədri Elşən Əliyev bildirib ki, layihə çərçivəsində cəmiyyətdə leykemiya ilə bağlı maarifləndirmənin gücləndirilməsi, erkən diaqnostikanın təşviqi və xəstəliklə mübarizə aparan insanların və onların ailələrinin mənəvi dəstəklənməsi əsas prioritetlərdəndir.
Konfransda dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, həkimlər, səhiyyə mütəxəssisləri, media nümayəndələri, leykemiyadan əziyyət çəkən uşaqların valideynləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Çıxışlarda leykemiyanın yalnız tibbi deyil, həm də ciddi sosial və mənəvi mübarizə olduğu vurğulanıb, ailə və cəmiyyət dəstəyinin əhəmiyyəti qeyd edilib.
Konfransda “EMEDIA GROUP” Media Təşkilatının sədri Elşən Əliyev, “Leykemiya ilə Mübarizə” İctimai Birliyinin sədri Mehriban Bağırova, Milli Məclisin deputatları Müşfiq Məmmədli və Günay Ağamalı, eləcə də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və digər nümayəndələr çıxış ediblər.

Konfransın əsas məqamlarından biri “Alioğlu Media Group” tərəfindən hazırlanmış “GÜCLÜ ÜMİD – SAĞLAM GƏLƏCƏK” sosial-maarifləndirici videoçarxının təqdimatı olub.
Real həyat hadisələrindən ilhamlanan videoçarx leykemiya ilə mübarizədə ümidin, iradənin və həyata inamın gücünü əks etdirir.
Videoçarxda leykemiyaya qalib gəlmiş şəxsin obrazını aktrisa Ayşən Abdürəhmənova, onun uşaqlıq dövrünü isə hazırda leykemiya ilə mübarizə aparan balaca Ahu canlandırıb.

Layihənin ideyası və yaradıcı prosesi barədə “Alioğlu Media Group”un rəhbəri Amil Ali məlumat verib.
Konfrans zamanı leykemiyadan əziyyət çəkən uşaqların valideynlərinin iştirakı xüsusi diqqət çəkib.
Valideynlərin üzləşdiyi çətinliklər, ailə dəstəyinin əhəmiyyəti və uşaqların mənəvi-psixoloji dəstəyə ehtiyacı müzakirə olunub.
Tibbi hissədə Yeni Klinikanın Hematologiya və Sümük İliyi Transplantasiyası şöbəsinin müdiri Sevil Cəlilova və Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun həkim-terapevti Vüsalə Məmmədova leykemiyanın müalicəsi, erkən diaqnostika və reabilitasiya məsələləri barədə çıxış ediblər.

