Bugun.tv xəbər verir ki, həkimlər yay aylarında kondisionerlərin sağlamlığa zərər verməsi ilə bağlı yayılan bəzi fikirlərin həqiqəti əks etdirmədiyini bildirirlər.
Mütəxəssislərin sözlərinə görə, düzgün istifadə olunan kondisioner xəstəlik yaratmır, əksinə, isti havalarda komfortlu mühitin qorunmasına kömək edir.
Həkim qeyd edib ki, insanların tez-tez “kondisioner qrip yaradır” fikrini səsləndirməsinə baxmayaraq, qrip və digər respirator xəstəliklər viruslar tərəfindən törədilir. Kondisionerin özü xəstəliyin səbəbi deyil. Lakin çox soyuq hava axınının birbaşa insanın üzərinə yönəldilməsi əzələ spazmları, boyun ağrıları və ya narahatlıq yarada bilər.
Mütəxəssis vurğulayıb ki, əsas risk kondisionerin özü deyil, onun vaxtında təmizlənməyən filtr və sistemləridir. Çirkli qurğularda bakteriyalar, kif və digər mikroorqanizmlər toplana bilər ki, bu da allergik reaksiyalar və tənəffüs problemlərinə səbəb ola bilər. Buna görə kondisionerlərin mütəmadi texniki baxışdan keçirilməsi tövsiyə olunur.
Həkim həmçinin bildirib ki, otaq temperaturu ilə küçə temperaturu arasında çox böyük fərq yaratmaq düzgün deyil. Ekspertlər yay aylarında kondisionerin temperaturunu adətən 22-25 dərəcə aralığında saxlamağı məsləhət görürlər. Bu, həm sağlamlıq, həm də enerji sərfiyyatı baxımından optimal hesab olunur.
Mənbə: mail.ru
