Bugun.tv xəbər verir ki, həkimlər asqırığın qarşısını almaq üçün burun və ağzın eyni anda bağlanmasının sağlamlıq üçün təhlükəli ola biləcəyi barədə xəbərdarlıq ediblər.
Mütəxəssislərin sözlərinə görə, asqırıq orqanizmin tənəffüs yollarını qıcıqlandırıcılardan, allergenlərdən və mikroblardan təmizləyən təbii müdafiə mexanizmidir. Bu zaman diafraqma və qabırğaarası əzələlər güclü hava təzyiqi yaradır. Normal halda bu təzyiq burun və ağız vasitəsilə xaric olur. Lakin insan asqırığı saxlamaq üçün burun və ağzını bağladıqda, yaranan təzyiq bədən daxilinə yönəlir.
Həkimlər bildirirlər ki, bu vəziyyət qulaq pərdəsinin zədələnməsinə, orta qulaqda barotravmaya və boğaz nahiyəsində toxumaların zədələnməsinə səbəb ola bilər. Nadir hallarda isə hava boyun dərisinin altına və ya ağciyərlər arasındakı boşluğa keçərək daha ciddi fəsadlar yarada bilər.
Mütəxəssislər qeyd edirlər ki, bir dəfə asqırığı saxlamaq əksər insanlar üçün ağır nəticələr doğurmasa da, bu vərdişi davamlı etmək tövsiyə olunmur.
Həkimlər asqırarkən burnu və ağzı salfetlə örtməyi və ya dirsəyin iç hissəsinə asqırmağı məsləhət görürlər. Əgər asqırığın qarşısını almaq mümkün deyilsə, ən təhlükəsiz yol onun təbii şəkildə baş verməsinə imkan verməkdir.
Mənbə: mail.ru

