25 C
Baku
27 İyul 2024, 4:00
Baş xəbərSosial

Hərbçilərin pensiyası artacaq

““Hərbi qulluqçuların statusu haqqında” və “Əmək pensiyaları haqqında” qanunlarında müzakirə edilən dəyişikliklər ilə bağlı çoxsaylı suallara cavab olaraq bildirmək istərdik ki, yeni dəyişikliklər hərbiçilərimizin pensiya məbləğlərində artımlara səbəb olacaq”.

Bugun.tv xəbər verir ki, bu fikirləri millət vəkili Vüqar Bayramov facebook hesabında paylaşıb. O, dəyişikliklərlə bağlı vətəndaşların suallarını cavablandırıb.

  1. Dəyişikliklər hərbiçilərin pensiya məbləğinə necə təsir göstərəcək?

– Layihəyə əsasən, minimum xidmət müddətinə görə qulluq stajına görə əlavənin faizi 50-dən 65-ə qaldırılacaq. Eyni zamanda, 25 ildən yuxarı hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin—2 faizi (müdafiə sistemində xidmət edən şəxslər üzrə isə – 3 faizi) miqdarında əlavə olunacaq. Bu o deməkdir ki, əgər mövcud qaydalar ilə qulluq stajına görə əlavənin 50 faizi götürülərək pensiya məbləği hesablanırdısa yeni dəyişikliklərdən sonra bu rəqəm 65 faiz olacaq. Bu da birbaşa pensiya məbləğinin artmasına xidmət edəcək.

  1. Hərbiçilərin pensiyaya çıxma müddəti neçə il olacaq?

– Qanun layihəsində hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə tələbinin 20 ildən 25 ilə çatdırılması təklif olunur.

  1. Hərbiçi indiyədək 17 və ya 19 il xidmət göstəribsə bu dəyişikliklər onun 25 il deyil, 20 ildən sonra pensiyaya çıxmağına imkan verəcəkmı?

– Dəyişikliklərə əsasən, 1 yanvar 2024-cü ilədək xidmət müddətinin ən azı 17 il tamam olan hərbiçilərimiz 20 il tamam olandan sonra pensiyaya çıxa bilərlər. Yəni, əgər hərbiçimiz 17, 18 və ya 19 il qulluq edibsə və yeni dəyişikliklərdən sonra 25 deyil, 20 xidmət ilindən sonra pensiyaya çıxmaq istəyirsə qanun buna imkan yaradacaq. Bu zaman hərbiçimiz öz istəyindən asılı olaraq ya 20 xidmət ili tamam olanda da pensiyaya çıxa və ya 25 il qulluq edib daha yüksək məbləğ ilə pensiya hüququ qazana bilər. Bu o deməkdir ki, pensiyaya çıxmağa 3 ili qalan hərbiçilərimiz üçün seçim təklif olunur və dəyişikliklər onlara təsir etmir.

  1. Bu dəyişikliklər polislərə şamil olunurmu?

– Dəyişikliklər yalnız hərbiçi və hərbi statuslu vətəndaşlarımıza şamil olunur. Bu dəyişikliklər polislərə şamil olunmayacaq. Onlar mövcud qaydalar ilə pensiyaya çıxmaq hüququnu saxlayırlar. Sadəcə, dəyişiklik polis sistemində hərbi status ilə çalışanlara adi ediləcək. Məsələn, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında çalışanlara dəyişiklik şamil ediləcək.

  1. Hərbiçilər mülki ali məktəblərdə təhsil ala biləcəklərmi?

– Hazırda bir çox ali təhsil müəssisələrində qiyabi təhsilin mövcud olmaması səbəbindən və Silahlı Qüvvələrin peşəkar, bilikli və bacarıqlı hərbi qulluqçularla komplektləşdirilməsi məqsədilə “Hərbi qulluqçuların statusu haqqında” Qanuna müvafiq dəyişikliyin edilməsi təklif olunur. Dəyişikliyə əsasən, hərbi qulluqçular müvafiq icra hakimiyyəti oqranının rəsmiləşdirilmiş icazəsi olduqda mülki təhsil müəssisələrində təhsil ala biləcəklər.

  1. Ali təhsil müddəti ehtiyata buraxılma üçün nəzərdə tutulmuş müddətə daxil ediləcəkmi?

– Zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycanın və xarici ölkələrin ali təhsil müəssisələrində təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti bir ildən çox olduqda öz arzusu ilə ehtiyata buraxılma üçün nəzərdə tutulmuş 10 il müddətinə daxil edilməyəcəkdir.

  1. Hərbi xidmətdə olmağın son yaş həddi dəyişdirilirmi?

– Qanun layihəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanlar üçün dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın son yaş həddinin 45-dən 48-ə artırılması təklif olunur. Bu dəyişikliyin əsas məqsədi adıçəkilən hərbi qulluqçuların hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə müddətində (25 təqvim ili ərzində) hərbi xidmətdə olmalarının təmin edilməsi, habelə onların təcrübəsindən daha səmərəli və uzun müddət yararlanmaqdır.

Elnarə Dərziyeva

Oxşar xəbərlər

Qeyri-qanuni immiqrasiya əməliyyatı: 19 nəfər saxlanıldı

Bugün TV

Vətən müharibəsi iştirakçıları Dövlət Xidmətində həqiqi hərbi xidmətə qəbul olundu

Kəmalə Sultan

Yük maşını ilə taksi toqquşdu: 4 nəfər öldü, 1 nəfər yaralandı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu