Endokrinoloq Eqana Koroleva səhər oyandıqdan dərhal sonra xəbərləri oxumağın sağlamlığa mənfi təsir göstərə biləcəyini bildirib.
Mütəxəssisin sözlərinə görə, səhər xəbərlərinə baxmaq stress hormonu olan kortizol səviyyəsini təxminən 25% artıra bilər. Bu isə orqanizmdə əlavə gərginlik yaradır.
Koroleva qeyd edib ki, artan stress səviyyəsi təkcə psixoloji vəziyyətə deyil, həm də fiziki sağlamlığa təsir edir. Bu vəziyyət yuxu pozğunluğu, maddələr mübadiləsinin zəifləməsi, artıq çəki və hətta libidonun azalması ilə nəticələnə bilər.
Mütəxəssislər tövsiyə edir ki, günə xəbərlərlə deyil, daha sakit və faydalı vərdişlərlə başlamaq lazımdır. Bunlara 5–7 dəqiqəlik meditasiya, yüngül idman hərəkətləri və sağlam səhər yeməyi daxildir.
Bundan əlavə, oyandıqdan sonra ən azı 30–40 dəqiqə ərzində telefondan uzaq durmaq məsləhət görülür. Bu, orqanizmin təbii oyanma ritmini qorumağa kömək edir.
Ekspertlər həmçinin vurğulayır ki, gün ərzində xəbərlərin həddindən artıq izlənməsi narahatlıq, depressiya və xroniki stress riskini artırır.
Mənbə: mail.ru
