Bugun.tv xəbər verir ki, Böyük Britaniyanın hava limanlarında sərhəd nəzarəti üçün yeni təmassız elektron keçid sistemi tətbiq olunmağa başlayıb.
Euronews-un məlumatına görə, yeni sistem hazırda ilk olaraq İngiltərədəki East Midlands hava limanında istifadəyə verilib. İlkin mərhələdə yalnız Britaniya vətəndaşları bu imkanlardan yararlana bilir.
Sistem üz tanıma texnologiyasından istifadə edir. Sərnişin elektron keçid məntəqəsinə yaxınlaşdıqda onun şəkli çəkilir və görüntü immiqrasiya, səfər və pasport məlumatları ilə müqayisə olunur. Məlumatlar uyğun gəldikdə keçid avtomatik açılır.
2027-ci ilə qədər bütün hava limanlarına yayılacaq
Sınaqlar zamanı yeni sistemin fiziki pasportun oxudulması ilə müqayisədə 25 faizə qədər daha sürətli olduğu bildirilib.
Britaniya hökuməti 2027-ci ilin əvvəl A qədər ölkənin bütün elektron keçid məntəqələrini bu texnologiya ilə yeniləməyi və sistemi digər uyğun xarici vətəndaşlara da genişləndirməyi planlaşdırır.
Bununla belə, sərnişinlərə pasportlarını səfər zamanı yanlarında saxlamaq tövsiyə olunur. Əlavə yoxlama tələb edilərsə, sərnişindən pasportunu təqdim etməsi və ya sərhəd əməkdaşına müraciət etməsi istənilə bilər.
Mənbə: Euronews
