Bugun.Tv xəbər verir ki, məşhur almaniyalı model Heydi Klum Halloween bayramı münasibətilə Nyu-Yorkda təşkil etdiyi ənənəvi gecədə bu dəfə də qeyri-adi geyimi ilə diqqət mərkəzinə düşüb. O, tədbirə öz sol əlinin nəhəng və qanlı görünüşdə hazırlanmış surətində qatılıb.
“Euronews”un məlumatına görə, bu il Klumun Halloween tədbiri artıq 25-ci dəfə keçirilib. Modelin geyimi onun öz əlini xatırladacaq şəkildə hazırlanıb. Kostyumda uzun qırmızı dırnaqlar, üzüklər və həyat yoldaşı Tom Kaulitzin adının döyməsi də daxil olmaqla bir sıra şəxsi detallar əks olunub.
Xüsusi effektlər üzrə mütəxəssis Mayk Marino və komandası tərəfindən hazırlanan geyimdə Klumun üzü nəhəng əlin bir hissəsindən görünürdü. Obrazın daha təsirli olması üçün qan və anatomik detallar da əlavə edilmişdi.
Klumun sözlərinə görə, bu ideya ötən il öz əlinə baxarkən yaranıb. O, bədənini həmin əlin nəhəng surətinin daxilində yerləşdirməyin mümkünlüyünü düşünüb.
Model hər il Halloween gecəsinə hazırladığı fərqli obrazlarla tanınır. O, əvvəlki illərdə tovuz quşu, nəhəng qurd, Meduza və “Şrek” filmindəki Fiona obrazları ilə də maraq doğurub.
Mənbə: Euronews
