Pakistan açıqlamasında Hindistanın öz ərazisinə raket hücumu təşkil etdiyini bildirib. Hindistan Cammu və Kəşmir bölgəsində terror infrastrukturuna qarşı əməliyyata başladığını açıqlayıb.
Hücumlarda heç bir hərbi obyektin hədəf alınmadığını qeyd edən Çaudri, “Pakistan buna öz seçdiyi vaxt və yerdə cavab verəcək. Bu təxribat cavabsız qalmayacaq” deyib.
Hücumlarda ilkin məlumatlara görə 8 nəfərin həyatını itirdiyini, 35 nəfərin yaralandığını, 2 nəfərin isə itkin düşdüyünü açıqlayan Çaudri, “Hindistanın bu qorxaq hücumdan qazandığı müvəqqəti xoşbəxtliyin yerini daimi kədər alacaq” deyib.
Pakistan hava məkanını 48 saat müddətinə bağlayıb və bütün daxili və beynəlxalq uçuşları dayandırıb.
Hindistanın Mətbuat İnformasiya Bürosu da məsələ ilə bağlı açıqlama verib.
Ordunun Pakistan və ölkənin nəzarətində olan Azad Kəşmir bölgəsindəki hədəflərə qarşı hərbi əməliyyata başladığı bildirilib.
9 bölgənin hədəf alındığı bildirilən açıqlamada ‘Pakistan hərbi obyektlərinin hədəf alınmadığı’ irəli sürülüb.
Bu addımların Pahalqamdakı hücumdan sonra atıldığı və ‘məsul şəxslərin cavab verəcəyi’ ifadə edildi. Hindistanın müdafiə naziri Rajnath Singh sosial media hesabında bu mesajı paylaşıb: “Yaşasın Hindistan”.
Pakistanın təhlükəsizlik mənbələri Hindistanın raket hücumlarına cavab tədbirləri haqqında danışıb.
Hindistana məxsus 5 döyüş təyyarəsi və 1 pilotsuz təyyarənin vurulduğunu bildirən mənbələr, “Pakistan Hərbi Hava Qüvvələrinə məxsus bütün təyyarələr təhlükəsizdir. Pakistan Silahlı Qüvvələri düşmənin təcavüzünə lazımi cavabı verir” deyib.
Təhlükəsizlik mənbələrinin bildirdiyinə görə, Pakistan ordusu qərargahın yeri barədə təfərrüatlı məlumat vermədən cavab hücumu zamanı Hindistan qüvvələrinin qərargahına zərbələr endirib.
Bildirilib ki, Pakistan və Hindistan arasındakı Nəzarət Xətti yaxınlığında, Dudhnial sektorunda yerləşən Hindistan nəzarət məntəqəsi də raket hücumu nəticəsində məhv edilib.
Aprelin 22-də Hindistanın nəzarətində olan Cammu və Kəşmir əyalətinin Pahalqam rayonunda turistlərə silahlı hücum nəticəsində 26 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.
Hindistan hücum edənlərin Pakistandan olduğunu iddia edərək Pakistana qarşı bir sıra sərt tədbirlər görüb.
Hind Suları Müqaviləsini dayandıraraq Pakistana su axınının dayandırılması siqnalını verən Hindistan, ölkədəki pakistanlı diplomatları ölkədən çıxarmaq və viza prosedurlarını ləğv etmək qərarına gəlmişdi.
Pakistan ittihamları rədd edib və cavab olaraq Hindistanla bütün ticarət əlaqələrini dayandırıb, hava məkanını bağlayıb və diplomatik personalın sayını məhdudlaşdırıb.
Pakistan həmçinin Hind çayına hər hansı birtərəfli müdaxilənin müharibə aktı sayılacağını bəyan edib.
Mənbə: EnSonHaber