Bugun.tv xəbər verir ki, Yaxın Şərqdə gərginlik daha da artıb. ABŞ ardıcıl üçüncü gecə İrana qarşı yeni hava zərbələri endirib. Eyni zamanda Hörmüz boğazında hərəkət edən iki BƏƏ-yə məxsus neft tankeri hücuma məruz qalıb.
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İran gəmilərinə qarşı tətbiq etdiyi blokadanın yenidən qüvvəyə mindiyini açıqlayıb. ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, blokada ABŞ vaxtı ilə çərşənbə axşamı saat 16:00-dan etibarən qüvvəyə minib. Tramp həmçinin bildirib ki, Hörmüz boğazından keçən gəmilər təhlükəsizlik xidmətlərinə görə 20 faiz rüsum ödəməli olacaq.
İran Silahlı Qüvvələrinin Birləşmiş Qərargahı isə ABŞ-ın Hörmüz boğazının gələcəyi ilə bağlı qərar vermək səlahiyyətinə malik olmadığını bəyan edib. Xarici işlər naziri Abbas Əraqçi Tehranın boğazın təhlükəsizliyinin təminatçısı olaraq qalacağını vurğulayıb.
ABŞ-ın yeni hücumlarından sonra İran mediası Bəndər-Abbas limanında, Kiş və Qeşm adalarında, eləcə də Əbu Musa adasında partlayış səslərinin eşidildiyini bildirib. Birləşmiş Ərəb Əmirlikləri isə İranın qanadlı raketlərinin Oman ərazi sularında hərəkətdə olan iki neft tankerini vurduğunu, nəticədə bir ekipaj üzvünün öldüyünü, səkkiz nəfərin isə yaralandığını açıqlayıb.
Regionda artan gərginlik enerji bazarlarına da təsir göstərib. Brent markalı neftin qiyməti 84,98 dollara, ABŞ-ın WTI markalı nefti isə 79,79 dollara yüksəlib. Analitiklər Hörmüz boğazında yaranan qeyri-müəyyənliyin dünya enerji bazarlarında təzyiqi artırdığını bildirirlər.
Mənbə: The Guardian

