Dünya

Hörmüz boğazında tanker hücumları artır: neftin qiyməti 102 dolları keçdi

Bugun.tv xəbər verir ki, Yaxın Şərqdə enerji təchizatı ilə bağlı narahatlıqların və neft tankerlərinə hücumların artmasının fonunda dünya bazarında neftin qiyməti yüksəlib.

Reuters-in məlumatına görə, Brent markalı neftin qiyməti 8 oktyabr səhərində 2,28 faiz artaraq bir barel üçün 102,28 dollara çatıb. ABŞ-ın Qərbi Texas markalı xam neftinin (WTI) qiyməti isə 1,66 dollar yüksələrək 89,94 dollar olub.

Tankerlərə hücumlar rekord həddə çatıb

Hörmüz boğazında neft, mayeləşdirilmiş təbii qaz və mayeləşdirilmiş neft qazı daşıyan tankerlərə hücumların sayı son günlərdə əhəmiyyətli dərəcədə artıb.

Reuters-in məlumatına görə, sentyabrın 28-dən oktyabrın 5-dək olan həftədə boğaz və ətrafında ən azı 12 hücum, hücuma cəhd və gəmi heyətlərinə təzyiq halları qeydə alınıb. Bu, ABŞ-İran müharibəsinin başladığı fevralın 28-dən bəri bir həftə ərzində qeydə alınan ən yüksək göstəricidir.

Hörmüz boğazından müharibədən əvvəl dünya üzrə neft və yanacaq daşımalarının təxminən 20 faizi keçirdi. Hücumların artması isə yükdaşıma və sığorta xərclərini yüksəldərək enerji bazarında əlavə təzyiq yaradır.

ABŞ-da hasilatın azalması da qiymətlərə təsir edib

Neft qiymətlərinin artmasına ABŞ-ın Meksika körfəzində hasilatın müvəqqəti azaldılması da təsir göstərib. “İsaias” qasırğasının yaxınlaşması ilə əlaqədar bəzi enerji şirkətləri dənizdəki fəaliyyətlərini dayandırıblar.

Bununla yanaşı, ABŞ-da xam neft ehtiyatlarının gözləniləndən daha çox azalması da qiymət artımını dəstəkləyən amillərdən biri olub.

Mənbə: Reuters

Aynur Camal

Oxşar xəbərlər

Sardiniyada uzunömürlülüyü ilə seçilən yeni kənd aşkarlandı

Aynur Camal

Səudiyyə Ərəbistanında iki hava limanına hücum: 3 nəfər ölüb, 36 nəfər yaralandı

Aynur Camal

ABŞ ordusuna İranla bağlı mümkün hücumlara hazır olmaq tapşırıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu