Sosial

İ.Səlimov: “Həm dini, həm də dövlət nikahı insanlar üçün önəmlidir”

Bütün İslam ölkələrində olduğu kimi, Azərbaycanda da rəsmi dövlət nikahı ilə yanaşı, kəbin kəsdirmək anlayışı da var. Təbii ki, nikahın rəsmi dövlət qeydiyyatına alınması tərəflərin ər-arvad olduğunu hüquqi baxımdan təsdiq edir “.

Bu sözləri Bugun.tv-yə ilahiyyatçı Hacı İlham Səlimov açıqlamasında bildirib.

“Bəs kəbinin əhəmiyyəti nədir və biz onun haqqında nələri bilmirik?” sualına isə ilahiyyatçı belə cavab verib.

“İslama görə, kişi ilə qadın evlənməyə qərar verdikdə, onların arasında kəbin kəsilməlidir. Əgər tərəflərdən biri, yaxud hər ikisi bu evliliyə razı deyilsə, onda razılaşma qüvvədən düşmüş sayılır. Bu cür kəbin isə batil hesab olunur.

Kəbin müqəddəsdir. İki insanın Allah qarşısında sevgi, səadət sözü verməsidir. Kəbin ər-arvadın bağlılıqlarını uzun illər boyu davam etdirəcəklərinə inanmaqdır”.

Bəs dini nikah qıyılanda nələrə diqqət olunur?

Sualımıza cavab olaraq, ilahiyyatçı bildirdi ki, dini ayinlər yerinə yetirilir və təbii ki, duaları oxunur. Yaxşı olar ki, insanlar o sözləri doğru ifadə edərək, kəbinlərini özləri oxusunlar. Əks halda, hər hansı bir din xadiminə müraciət edib, halallıq duasını öz aralarında oxutdura bilərlər. Kəbin kəsdirərkən, hər iki tərəfin razılığı ilə yanaşı, valideynlərin də xeyir-duası olmalıdır. Dini nikahda şahidlərin olması yaxşı əlamətdir, amma vacib deyil. Kəbin haqqının – yəni başlıq pulunun qoyulması isə əsas məsələlərdən biridir. Bu, kişinin malından, pulundan, mülkündən qadına verilən paydır. Bunun miqdarı yoxdur və tərəflər öz imkanları daxilində müəyyənləşdirirlər. Kişi mütləq bu istəyi yerinə yetirməlidir, əks təqdirdə günahkar sayılır.

Mehriyyə qoyulur.Bu, qıza çatan hədiyyədir, “Qurani-Kərim”də var. İstəsələr, xanım mehriyyəsini könül xoşluğu ilə həyat yoldaşına bağışlaya bilər. Eyni zamanda ondan tələb edə bilər.Kəbinin pozulması “mən səni boşadım” və yaxud “boş ol” deməklə olmur. Necə ki, imam nikahı oxunub, elə də imam nikahı geri oxunmalıdır. Buna dində “təlaq” deyirlər.

Kəbinin kəsilməsi islam dinində vacib şərt olsa da, bəzi məsələlər müasir dövrün tələblərinə uyğunlaşdırılıb. Bunlardan biri də yaş məsələsidir. İlham Səlimovun sözlərinə görə, rəsmi nikah olmadan kəbin kəsilmir.

Son dövrlər  dövlət qeydiyyatı olmadan, yaxud həkimin analiz cavabları olmadan imam nikahı kəsilmir. Ona görə ki, insanların demək olar ki, bir hissəsi imam nikahından sonra dövlət qeydiyyatına düşmürlər. Bu da gələcəkdə boşananlar arasında problem yaradır. Amma əslində yaş məsələsi dinimizdə önəmli deyil. Cütlüklər evlənməyə hazırdırlarsa, biz imam nikahı edə bilərik. Təbii ki, bu dövlət qeydiyyatından sonra mümkündür.

Həm dini, həm də dövlət nikahı insanlar üçün önəmlidir. Amma ən vacibi saf sevgi, xoş münasibət və hörmətdir. Çalışın, həyatınızı sevgi ilə yaşayın!

 

Nigar Məmmədova

Oxşar xəbərlər

Ağıl yaşınızı bilirsinizmi?-YAPON TESTİ

Bugün TV

Yasamal rayon sakinlərinin şikayətinə niyə baxılmır?-VİDEO

Bugün TV

Azərbaycan cəmiyyəti hansı ölkələrə yaxınlıq hiss edir? –SORĞU

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu