Üçrəngli bayrağımızın hər dalğasında, azad Qarabağın hər qarışında qazilərimizin, şəhidlərimizin silinməz izi, canı-qanı var.
Bugun.tv-yə daxil olan məlumata əsasən, bu gün xalqımız bir cəsur vətən övladını, adı tariximizə qəhrəman kimi həkk olunmuş İmanov Əlağa Sovet oğlunu itirdi.
Əslən Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndindən olan Əlağa İmanov həyatını Vətənə xidmətə həsr etmişdi. Onun ömür yolu rəşadət və vətənpərvərlik nümunəsidir. Həm Birinci, həm də İkinci Qarabağ müharibələrinin iştirakçısı olan Əlağa bəy, torpaqlarımızın azadlığı uğrunda ön cəbhədə mərdliklə döyüşmüşdü. O, təkcə iştirakçı deyil, həm də qazi idi – Vətən uğrunda döyüşlərdə yaralanmış, lakin ruhu heç vaxt sınmamışdı. Onun üçün ən böyük mükafat Qarabağın düşmən tapdağından azad edildiyi günü görmək idi.
Qələbənin sevincini və qürurunu yaşamış bu qəhrəman döyüşçü, təəssüf ki, bu gün 59 yaşında vəfat edərək əbədiyyətə qovuşdu. Onun xatirəsi hər zaman ürəklərdə yaşayacaq, göstərdiyi şücaət gələcək nəsillər üçün örnək olacaqdır. Dövlətimiz tərəfindən həmişə diqqət və qayğı ilə əhatə olunan qazimiz, xalqımızın da sevgisini və hörmətini qazanmışdı.
Vətənpərvər, cəsur və mərd insan, qəhrəman qazimiz Əlağa İmanovun ruhu şad olsun! Ailəsinə, yaxınlarına və bütün xalqımıza dərin hüznlə başsağlığı veririk. Allah qazimizə rəhmət eləsin!
