Bugun.tv xəbər verir ki, İngiltərə və Uelsdə bu ilin may və iyun aylarında müşahidə olunan güclü isti hava dalğalarının 2 700-dən çox insanın ölümünə səbəb olduğu təxmin edilir.
Məlumata görə, World Weather Attribution (WWA) təşəbbüsü çərçivəsində London İmperial Kolleci, Böyük Britaniya Meteorologiya Xidməti (Met Office) və London Gigiyena və Tropik Tibb Məktəbi tərəfindən aparılan araşdırmada rekord temperaturun insan sağlamlığına təsiri qiymətləndirilib.
Araşdırmanın nəticələrinə əsasən, təkcə may ayında qeydə alınan rekord istilərlə əlaqəli təxminən 550 ölüm baş verib. Həmin dövrdə havanın temperaturu 35,1 dərəcəyə çataraq ölkədə may ayı üzrə tarixi rekord müəyyən edib.
İyunun ikinci yarısında isə daha güclü isti hava dalğası müşahidə olunub və bu müddətdə təxminən 2 200 nəfərin həyatını itirdiyi ehtimal edilir. Met Office həmin günlərdə ardıcıl olaraq bir neçə dəfə ən yüksək – qırmızı xəbərdarlıq səviyyəsi elan edərək əhalini sağlamlıq riskləri barədə xəbərdar etmişdi.
Mütəxəssislər bildirirlər ki, 2026-cı ilin iyun ayı Böyük Britaniyada müşahidələrin aparıldığı dövr ərzində ən isti iyun ayı olub. Eyni dövrdə Almaniyada təxminən 5 500, Fransada 2 000, Belçikada isə 1 200 ölümün yüksək temperaturla əlaqəli olduğu bildirilir.
Mənbə: EnSonHaber

