İtaliyadakı KNDS Ammo Italy zavodunda partlayışdan əvvəl yanğın baş verib; hadisənin səbəbi araşdırılır.
Bugun.TV xəbər verir ki, İtaliyanın paytaxtı Roma yaxınlığındakı Kolleferro şəhərində yerləşən KNDS Ammo Italy hərbi sursat zavodunda güclü partlayış baş verib. Hadisə zamanı zavod ərazisindən bir neçə kilometr uzaqda da eşidilən güclü partlayış səsi qeydə alınıb.
Reuters-in məlumatına görə, partlayışdan əvvəl zavodda yanğın başlayıb. İlkin məlumatlarda hadisənin barıt presləmə bölməsində baş verdiyi bildirilir. Hadisə zamanı zavod yay tətili səbəbindən bağlı olub və əməkdaşlar təhlükəsiz şəkildə təxliyə ediliblər. Zərərçəkənlər barədə məlumat verilməyib.
KNDS Ammo Italy orta və iri çaplı döyüş sursatları, həmçinin aviasiya və kosmik sistemlər üçün bərk yanacaq istehsal edir. Şirkət Avropa Müdafiə Agentliyinin 155 millimetrlik sursat tədarükü üzrə çərçivə müqavilələrində iştirak edən istehsalçılardan biridir.
İtaliya rəsmiləri hadisənin səbəblərini araşdırırlar. İlkin versiyalardan biri istehsalat sahəsində baş vermiş texniki qəza ilə bağlıdır, lakin hüquq-mühafizə orqanlarının bütün ehtimalları araşdırdığı bildirilir.
Partlayış nəticəsində yaxın ərazilərdə ciddi təşviş yaranıb. Hadisə yerinə polis və yanğınsöndürmə qüvvələri cəlb olunub, zavod ərazisində baş verən yanğının ətrafdakı bitki örtüyünə də yayıldığı bildirilib.
Hadisənin Avropada hərbi istehsal obyektlərində son dövrdə baş verən digər insidentlər fonunda diqqət çəkməsi də qeyd olunur. Lakin hazırda bu partlayışın hər hansı kənar müdaxilə ilə bağlı olduğuna dair təsdiqlənmiş sübut yoxdur.
Mənbə: Reuters
