İran ABŞ-la nüvə proqramı üzrə danışıqların bərpası üçün yeni təklif irəli sürüb. Tehran təklifi Qətər vasitəsilə Vaşinqtona çatdırıb və danışıqların davam etdirilməsini bir sıra şərtlərin yerinə yetirilməsi ilə əlaqələndirib.
Bugun.tv xəbər verir ki, İranlı yüksək vəzifəli rəsmi Reuters agentliyinə açıqlamasında ABŞ-ın hazırda təklifi nəzərdən keçirdiyini bildirib. Mənbə təklifin detalları barədə əlavə məlumat verməyib.
Rəsminin sözlərinə görə, Tehran danışıqların davamı üçün Vaşinqtondan yeddi tələbin yerinə yetirilməsini gözləyir. İranın əsas şərtləri sırasında ABŞ-ın tətbiq etdiyi sanksiyaların ləğvi, xaricdə dondurulmuş İran aktivlərinin geri qaytarılması və müharibə ilə bağlı təzminatların ödənilməsi yer alır.Hörmüz boğazı məsələsi də şərtlər arasındadır
İranın ali təhlükəsizlik rəsmisi Möhsün Rzayi Rusiyaya səfəri zamanı bildirib ki, ABŞ Tehranın irəli sürdüyü tələbləri yerinə yetirməyənədək İran nə danışıqlara başlayacaq, nə də Hörmüz boğazını açacaq.
Digər tərəfdən, Vaşinqton nüvə məsələlərinin istənilən ilkin danışıqların əsas mövzularından biri olmasında israr edir.
Qətərin vasitəçiliyi ilə aparılan diplomatik təmaslar ABŞ və İran arasında münaqişənin yenidən alovlanması ehtimalının artdığı bir vaxtda davam edir. Tərəflər arasında razılaşmanın əldə olunub-olunmayacağı hələlik məlum deyil.
Mənbə: Reuters
