Bugun.tv xəbər verir ki, İran ABŞ-a İsrailin Livanın cənubunda Hizbullahın nəzarətində olan strateji yüksəklik ərazisinə genişmiqyaslı hücum həyata keçirəcəyi təqdirdə ciddi cavab verəcəyini bildirib.
Reuters-in yazdığına görə, Tehran bu mesajı avqustun ortalarında Oman vasitəsilə Vaşinqtona çatdırıb. İran İsrailin Livanın cənubundakı Əli əl-Tahir yüksəkliklərinə tammiqyaslı hücum təşkil edəcəyi halda buna genişmiqyaslı cavab verəcəyini bildirib. Məlumata əsasən, ərazidə İran İnqilab Keşikçiləri və Hizbullah döyüşçülərinin olduğu bildirilir.
Əli əl-Tahir yüksəklikləri İsrail-Livandakı qarşıdurmanın əsas gərginlik nöqtələrindən birinə çevrilib. Təxminən 600 metr yüksəklikdə yerləşən ərazi strateji mövqeyə malikdir və burada Hizbullahın yeraltı komanda məntəqələri və silah infrastrukturu olduğu ehtimal edilir.
Reuters-in məlumatına görə, İsrail son aylarda bölgədə hava zərbələri və hərbi əməliyyatlar həyata keçirib. Hizbullah isə İsrail tərəfindən ciddi hücum olacağı təqdirdə qarşıdurmanın genişmiqyaslı müharibəyə çevrilə biləcəyi barədə xəbərdarlıq edib.
Hazırda tərəflər arasında gərginlik davam edir və Əli əl-Tahir yüksəklikləri daha geniş regional qarşıdurmanın yeni ocağına çevrilə biləcək ərazilərdən biri hesab olunur.
Mənbə: Reuters
