İran ABŞ-ın ölkəyə qarşı tətbiq etdiyi sanksiyalar və iqtisadi təzyiqlərlə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət edib.
TASS-ın Mehr agentliyinə istinadən yaydığı məlumata görə, İranın xarici işlər naziri Abbas Əraqçi BMT-nin baş katibinə və Təhlükəsizlik Şurasının üzvlərinə məktub göndərərək Tehranın ABŞ-ın iqtisadi siyasətinə dair mövqeyini açıqlayıb.
Əraqçi məktubunda ABŞ administrasiyasının İrana qarşı həyata keçirdiyi tədbirləri “qanunsuz və cinayətkar hərəkətlər” kimi qiymətləndirib. Nazir BMT-nin və dünya ölkələrinin bu addımları pisləmək üçün hüquqi və mənəvi məsuliyyət daşıdığını bildirib.
Müraciət ABŞ Prezidenti Donald Trampın İrana qarşı yeni iqtisadi təzyiq kampaniyasının başladığını elan etməsindən sonra baş verib. Tramp İranı dəstəkləyən ölkələrə, maliyyə qurumlarına, şirkətlərə və digər strukturlara qarşı ciddi iqtisadi tədbirlər görülə biləcəyini açıqlamışdı.
İran Xarici İşlər Nazirliyi isə ABŞ-ın sanksiya siyasətini “iqtisadi terrorizm” adlandıraraq bunun insanlığa qarşı cinayət olduğunu bəyan edib.
Beləliklə, Tehran Vaşinqtonun iqtisadi təzyiq kampaniyasını beynəlxalq müstəviyə çıxararaq məsələnin BMT Təhlükəsizlik Şurasında müzakirə olunmasına çalışır.
Mənbə: TASS
