İran ABŞ və İsrailin hücumlarından sonra Vaşinqtonun ölkəyə qarşı illərdir davam edən siyasətinə “birdəfəlik son qoymaq” qərarına gəlib.
İran Xarici İşlər Nazirinin müavini Səid Xətibzadə bildirib ki, 2025-ci ilin iyununda baş verən 12 günlük müharibədən sonra Tehran oxşar vəziyyətin təkrarlanacağı təqdirdə daha sərt reaksiya verəcəyini əvvəlcədən bəyan etmişdi.
Onun sözlərinə görə, İran artıq əvvəlki kimi “səbirli və proqnozlaşdırılan” davranmayacaq və bu dəfə mübarizə “mövcudluq savaşı” xarakteri daşıyacaq.
Diplomat qeyd edib ki, ABŞ uzun illərdir İran İslam İnqilabından sonra ölkədə baş verən dəyişiklikləri qəbul edə bilmir və bu səbəbdən İrana qarşı təzyiqləri davam etdirir.
Xətibzadə vurğulayıb ki, son müharibə Tehran üçün dönüş nöqtəsi olub və İran bu təzyiqlərə son qoymaq niyyətindədir.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Aprelin 7-də ABŞ Prezidenti Donald Tramp iki həftəlik qarşılıqlı atəşkəs elan edib.
İran tərəfinin məlumatına görə, 40 gün davam edən qarşıdurma nəticəsində 3 mindən çox iranlı həyatını itirib.
Aprelin 11-də İslamabadda keçirilən danışıqlarda tərəflər uzunmüddətli razılaşma əldə edə bilməyib. Daha sonra Tramp atəşkəsin müddətinin uzadılacağını açıqlasa da, Tehran bu qərarı birtərəfli addım kimi qiymətləndirərək tanımadığını bildirib.
Mənbə: mail.ru
