Bugun.tv xəbər verir ki, ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) İranın Kuveyt istiqamətinə ballistik raket atdığını açıqlayıb.
CENTCOM-un sosial media hesabında yayılan məlumata görə, raket mayın 27-də yerli vaxtla saat 22:17-də buraxılıb və Kuveyt ordusunun hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.
Açıqlamada bildirilir ki, hücum “atəşkəsin pozulması” kimi qiymətləndirilib. Məlumata əsasən, hadisədən bir neçə saat əvvəl İran tərəfindən 5 kamikadze pilotsuz uçuş aparatı da buraxılıb. ABŞ ordusunun həmin PUA-ları məhv etdiyi qeyd olunub.
İran dövlət televiziyası isə səhər saatlarında ölkənin cənubundakı Bəndər-Abbas şəhərinin şərq hissəsində üç partlayış səsinin eşidildiyini bildirib.
ABŞ ordusu daha əvvəl bölgədəki ABŞ qüvvələri və ticarət gəmiçiliyi üçün təhlükə yarandığını əsas gətirərək İranın cənubundakı hərbi obyektlərdən birinə hava zərbəsi endirdiyini açıqlamışdı.
İran İnqilab Keşikçiləri Korpusu isə Bəndər-Abbas yaxınlığındakı hücuma cavab olaraq bölgədə yerləşən ABŞ hərbi hava bazasını hədəfə aldıqlarını bəyan edib. Kuveyt tərəfi isə ölkənin raket və pilotsuz aparat hücumuna məruz qaldığını təsdiqləyib.
Mənbə: TrtHaber
