Bugun.tv xəbər verir ki, İranda itkin düşdüyü bildirilən Almaniyanın Yena Universitetinin azərbaycanlı tələbəsi, 27 yaşlı Fərid Səfərliyə casusluq ittihamı irəli sürülüb. Bu barədə anası Dilarə Əsgərova məlumat verib. O bildirib ki, Fərid Səfərli İranda həbs edilib: ” Azərbaycan Xarici İşlər Nazirliyindən mənə məlumat verildi ki, İran tərəfi onlara rəsmi cavab verib. Cavabda qeyd edilib ki, Fərid Səfərli İranda casusluq ittihamı ilə həbs edilib. Hətta bizim konsulluq tərəfindən Fəridlə bir neçə dəfə telefon danışığı olub”.
Qeyd edək ki, Fərid Səfərli fevralın 20-də Almaniyanın Yena Universitetinin təcrübə keçmiş həkim sevgilisini görmək üçün Tehran şəhərinə gedib. F.Səfərli martın 5-də Almaniyaya qayıtmalı olsa da, geri qayıtmayıb. Martın 4-dən etibarən Fəridin telefonu sönüb, onunla əlaqə tamamilə itib.
Mənbə: apa.az