Bugun.tv xəbər verir ki, bu gün Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib.
Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib. Mərasim çərçivəsində əvvəlcə birgə foto çəkdirilib, ardından Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və “Qurani-Kərim”dən ayələr oxunub. Daha sonra İslam İnkişaf Bankının fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirilib.
Prezident İlham Əliyev tədbirdə çıxış edərək Azərbaycanın son illərdə əldə etdiyi iqtisadi nailiyyətlər, həyata keçirilən islahatlar, ölkənin əlverişli investisiya mühiti və beynəlxalq maliyyə institutları ilə əməkdaşlığının əhəmiyyətindən danışıb.
Dövlət başçısı Azərbaycanın İslam İnkişaf Bankı ilə uzunmüddətli və səmərəli əməkdaşlıq əlaqələrinə malik olduğunu vurğulayaraq, Bankın ölkədə müxtəlif infrastruktur, enerji, su təchizatı və sosial layihələrin həyata keçirilməsinə dəstək verdiyini bildirib.
Qeyd edək ki, İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları üzv ölkələrin hökumət nümayəndələrini, beynəlxalq maliyyə institutlarını, özəl sektor təmsilçilərini və ekspertləri bir araya gətirən mühüm platformalardan biridir.
Mənbə: prezident.az
