İspaniya və Portuqaliyada geniş əraziləri əhatə edən elektrik enerjisi kəsilib. Paytaxtlar Madrid və Lissabon da daxil olmaqla, çoxsaylı şəhərlər işıqsız qalıb. İspaniyanın elektrik paylayıcı şirkəti Red Electrica, bu “görünməmiş” vəziyyətin bərpasının 6-10 saat çəkəcəyini açıqlayıb.
Yerli mənbələrin məlumatına görə, İspaniya və Portuqaliyada geniş şəkildə elektrik enerjisi kəsilib.
İspaniyanın paytaxtı Madriddə işıqforların işləməməsi səbəbindən sıxlıq yaranıb, Barajas hava limanı isə işıqsız qalıb.
Madrid və Barselona kimi böyük şəhərlərdə rabitə və nəqliyyat şəbəkələri və internet xidmətləri kəsilib.
İspaniyanın elektrik şəbəkəsi operatoru Red Electrica Espanola (REE), X sosial media platformasında ölkə daxilində elektrik kəsilməsinin olduğunu təsdiqləyib. Bəyanatda qeyd olunub ki, məsələ ilə bağlı iş davam edir və kəsilmənin səbəbi bəlli deyil.
İspaniyanın dəmir yolu şirkəti Renfe də ölkədə “Milli Elektrik Şəbəkəsindəki kəsilmə” səbəbindən yerli vaxtla saat 12:30 radələrində qatarların hərəkətinin dayandırıldığını açıqlayıb.
BBC-nin məlumatına görə, “Madrid Open” tennis turniri də elektrik enerjisinin kəsilməsi səbəbindən dayandırılıb.
Politico-nun məlumatına görə, İspaniyada adı açıqlanmayan bir səlahiyyətli, “İspaniyadakı vəziyyəti idarə etmək üçün böhran komitəsi yaradılıb. Bu mərhələdə bu böyük fasilənin səbəbi ilə bağlı heç bir mənbə yoxdur. Kiberhücum ehtimalı istisna edilmir və araşdırmalar davam edir” deyib.
Elektrik enerjisinin kəsilməsi 6-10 saat davam edəcək
İspaniyanın Cadena Ser radio şəbəkəsi baş nazir Pedro Sançesin vəziyyəti qiymətləndirmək üçün Red Electrica-nın qərargahına getdiyini bildirib.
Red Electrica-nın X hesabından edilən açıqlamada, elektrik enerjisinin bərpasının mərhələli bir proses olacağı və təchizatın təmin edilməsi üçün işlərin davam etdiyi bildirilib.
İspaniya şəbəkəsi ölkənin cənub və şimalında elektrik enerjisinin verilməyə başladığını bildirib.
Red Electrica, bu “görünməmiş” vəziyyətin həllinin 6-10 saat çəkəcəyini açıqlayıb. Kəsinti “gərginlik balanssızlığı” ilə bağlı ola bilər
Yerli Portuqaliya mediası ölkə daxilində elektrik enerjisinin kəsildiyini bildirib.
“Politico”nun məlumatına görə, Portuqaliyanın elektrik operatoru E-Redes verdiyi açıqlamada elektrik enerjisinin kəsilməsinə “Avropa elektrik şəbəkəsindəki problem” səbəb olduğunu bildirib.
Açıqlamada deyilir ki, gərginlikdəki qeyri-sabitlik kəsintiyə səbəb ola bilər.
Fransanın Andorra və İspaniya ilə həmsərhəd hissələri də təsirlənib
Fransanın Andorra və İspaniya ilə həmsərhəd bölgələrindəki vətəndaşlar da elektrik kəsilməsindən təsirləndiklərini bildiriblər. Ən son məlumatlara görə, Belçikaya qədər əlavə fasilələr qeydə alınıb.
Digər tərəfdən, irimiqyaslı fasilə ilə bağlı hələ də hökumət rəsmilərindən heç bir açıqlama verilməyib.
Mənbə: TrtHaber