İsrail ilə Livan arasında 1993-cü ildən bu yana ilk yüksək səviyyəli birbaşa danışıqlar Vaşinqton şəhərində başlayıb. Kritik görüşə ABŞ dövlət katibi Marko Rubio ev sahibliyi edib.
Görüşdə ABŞ-ın Livandakı səfiri Mişel İssa, Livanın ABŞ-dakı səfiri Nada Həmadə, İsrailin ABŞ-dakı səfiri Yexiel Leyter və ABŞ Dövlət Departamentinin müşaviri Mişel Nidhem iştirak ediblər.
“Hizbullahın təsirini bitirmək üçün fürsət”
Görüş öncəsi açıqlama verən Rubio bildirib ki, Livan xalqı İranın bölgədəki təsirindən zərər görür və bu prosesin sona çatması vacibdir. Onun sözlərinə görə, bu danışıqlar Hizbullahın son 20–30 ildəki təsirini birdəfəlik aradan qaldırmaq üçün tarixi imkan yaradır.
Rubio əlavə edib ki, problemin mürəkkəbliyi səbəbindən danışıqlardan qısa müddətdə nəticə gözlənilmir, lakin proses uzunmüddətli sülh üçün zəmin formalaşdıra bilər.

Gündəm: atəşkəs və davamlı sülh
Birbaşa təmasların əsas mövzuları arasında atəşkəsin əldə olunması, uzunmüddətli perspektivdə Hizbullahın silahsızlaşdırılması və iki ölkə arasında genişmiqyaslı sülh sazişinin imzalanması yer alır.
Danışıqlar, İsrail ilə Hizbullah arasında toqquşmaların davam etdiyi və İsrailin Livanın cənubunda həyata keçirdiyi hərbi əməliyyatların beynəlxalq səviyyədə tənqid olunduğu bir dövrdə keçirilir.
Netanyahunun mövqeyi dəyişib
İsrailin baş naziri Binyamin Netanyahu daha əvvəl Livanın birbaşa danışıqlar təklifinə ehtiyatla yanaşırdı. Lakin ABŞ prezidenti Donald Trumpın gərginliyin azaldılması istiqamətində təzyiqlərindən sonra Vaşinqtondakı görüşlərə razılıq verib.
Görüş öncəsi Livan hökuməti və Vaşinqton administrasiyası İsraildən hücumları dayandırmağı tələb edib. Netanyahu hökuməti Beyruta yönəlmiş hücumların azaldılmasına razılaşsa da, ölkənin cənubunda əməliyyatları davam etdirib.
Mənbə: Ensonhaber
